SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kaliforniyada "Azərbaycan Milli Günü" elan edilib

© © Azərbaycanın Los Ancelesdəki Baş KonsulluğuABŞ və Azərbaycan bayraqları
ABŞ və Azərbaycan bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhər meri Kevin Folkoner (Kevin L. Faulkoner) müvafiq bəyannamə imzalayıb

BAKI, 6 may — Sputnik. ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhəri 2019-cu ilin mayın 28-ini "Azərbaycan Milli Günü" elan edib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. 

Bununla bağlı şəhər meri Kevin Folkoner (Kevin L. Faulkoner) müvafiq bəyannamə imzalayıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunub.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilib. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.

Sənəddə qeyd olunub ki, Los-Ancelesdəki Baş Konsulluğu vasitəsilə Azərbaycan ABŞ-ın Qərb ştatları ilə iqtisadi, mədəni və digər sahələrdə güclü əlaqələr qurub.

Bəyannamədə həmçinin ABŞ və San-Dieqo şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz ata-babalarının Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilib.

Bəyannamənin sonunda mer K.Folkoner tərəfindən şəhər sakinləri adından 28 may tarixi San-Dieqoda "Azərbaycan Milli Günü" elan edilib.

Qeyd edək ki, Kaliforniyanın ikinci və ABŞ-ın 8-ci ən böyük şəhəri olan San-Dieqo ilə Bakı arasında 2011-ci ildən tərəfdaşlıq münasibətləri qurulub və bu münasibətlər son 8 ildə sürətlə inkişaf edib.

Xəbər lenti
0