BAKI, 6 may — Sputnik. Müğənni Səmra Rəhimli yeni layihəsini təqdim edib. O, "Armas" adlı yeni mahnısını ekranlaşdırmaq qərarına gəlib. Səmra bunun üçün fərqli obrazda kamera qarşısına keçib.
Gənc ifaçı Sputnik Azərbaycan-a bildirib ki, o, hip-hop janrında ifa edən ilk azərbaycanlı xanım müğənnidir: "Sizə yeni mahnımı və klipimi təqdim edirəm. "Armas" mənim adımın tərsinə oxunuşudur. İspan dilində tərcüməsi silahdır. Adımın tərs mənası haqqında mahnı yazdırmaq fikri prodüserim İlahə Baxşıyevaya məxsusdur. "Armas"ın ad olaraq mənası isə dominantllıq etmək, lider, güclü və yüksək olmaqdır. Mən hər zaman ona, musiqi duyumuna, zövqünə və hissiyyatına güvənirəm. Azərbaycanda bu üslubda ifa edən ilk qadın müğənniyəm. Bu, mənim üçün yeni istiqamətdir".
Səmra Rəhimli qeyd edib ki, hip-hopa həmişə marağı olub. Hazırda bu formatda albom üzərində işləyir. Müğənni, həmçinin solo konsert verməyə hazırlaşır.
"Armas" mahnısının müəllifləri Clavis və OD-dur. Layihənin rəhbəri, rejissoru, ssenaristi və stilisti isə sənətçisinin anası İlahə Baxşiyevadır. Səmranın anası sözügedən klipin sonunda aktrisa kimi də yer alıb.
Səmra Rəhimli 19 oktyabr 1994-cü ildə Bakıda anadan olub. "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçı olan Səmra 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edib. O, "Avroviziya-2016"nın final mərhələsində 17-ci yerdə qərarlaşıb.
Səmranın Azərbaycanda hip-hop janrında oxuyan ilk qadın müğənni olduğunu iddia etməsinə baxmayaraq, qeyd edək ki, Brilliant Dadaşova (Anar Nağılbazla "Mən səni sevirəm"), Elnarə (Elşad Xose ilə "Uzaqlara"), Röya (Elşad Xose ilə "Gəl danış"), Elli Miçiyeva (Elşad Xose ilə "Çıx get"), Günay İbrahimli (Elşad Xose ilə "Yadına sal"), Elmira Ələkbərzadə ("Tənhayam") hip-hop janrında mahnılar ifa ediblər.