BAKI, 6 may — Sputnik. Baş Prokurorluq ANS Müstəqil Yayım və Media Şirkəti" MMC-nin işinə dair məlumat yayıb.
Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində "ANS Müstəqil Yayım və Media Şirkəti" MMC-nin vəzifəli şəxslərinin barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə informasiyalar yayılıb.
"Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyul 2016-cı il tarixli qərarı ilə Milli Televiziya və Radio Şurasının "ANS Müstəqil Yayım və Media Şirkəti"nə qarşı kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verilməsi barədə iddiası təmin edilərək şirkətə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə və telekanalın fəaliyyətinə xitam verilib.
Baş Prokurorluqda istintaq edilən "ANS Müstəqil Yayım və Media Şirkəti" MMC-nin vəzifəli şəxslərinin vətəndaşların hüquqlarını pozan, habelə qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməkdən yayındıran və başqa cinayət əməllərinin törədilməsi üzrə cinayət işinin icraatına şəraitin dəyişməsi ilə əlaqədar onlara aid hissədə xitam verilib".