Cənub Qaz Dəhlizi layihəsindən 2046-cı ilədək gəlirlərin həcmi, təxminən, 40 mlrd. ABŞ dolları təşkil edəcək. Bu barədə “Report”a eksklüziv müsahibəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.
Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan həyata keçirdiyi böyük enerji layihələri ilə beynəlxalq aləmdə özünü tanıda bilib:
“Azərbaycan Cənubi Qafqaz regionunun geo-siyasi və iqtisadi konturlarının müəyyən edilməsinə təsir edə bilir. Bu layihələr Azərbaycanın böyük dövlətlərlə sıx əməkdaşlıqlarının qurulmasına şərait yaradıb. Layihələr ölkəmizin dünya iqtisadiyyatına sürətli inteqrasiyasını təmin edib. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın mövqeyini gücləndirib. Bu layihələr Azərbaycanı geo-iqtisadi məkanda söz sahibinə çevirib. Azərbaycan belə layihələrdə iştirak etməklə beynəlxalq arenada həm siyasi, həm iqtisadi nüfuzunu yüksəldir”.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz