BAKI, 4 may — Sputnik. Qazaxıstanda ilk dəfə prezidentliyə namizəd kimi qadın namizəd qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, Qazaxıstanın Mərkəzi Seçki Komissiyası parlamentin deputatı Daniya Yespayevanın prezidentliyə namizdəliyini qeydə alıb. Yespayevanın namizədliyi "Ak Jol" Demokratik partiyasından verilib.
"Prezident seçkilərində qeydiyyat üçün tələb ediən bütün sənədlər komissiyaya təqdim edilib və tələblərə tam uyğundur " - deyə MSK üzvü Zaureş Baymoldina bildirib. O, qeyd edib ki, Yespayevaya dəstək üçün 144098 vətəndaşın imzası toplanıb və onlardan 139541-i etibarlı hesab edilib.
Qazaxıstanda əvvəlki prezident seçkilərində qadınlar iştirak etmək arzusunda olsalar da, heç biri MSK tərəfindən prezidentliyə namizəd kimi qeydiyyatdan keçməmişdi. Beləliklə, Daniya Yespayeva ölkədə prezidentliyə namizəd kimi MSK tərəfindən qeydə alınan ilk qadındır.
58 yaşlı Yespayevanın iqtisadi təhsili var. O müxtəlif banklarda rəhbər vəzifələrində çalışıb. 2016-cı ilin mart ayından deputatdır.
Qeyd edək ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək.