BAKI, 4 may — Sputnik. Mayın 6-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.
Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi, Azərbaycanla dostluq qrupunun təmsilçiləri ilə görüşlər keçirəcək, qanunvericilik orqanları arasında əlaqələrimizin bu günü və perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Burada deputatlarımız İtaliya parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olacaqlar.
Mayın 8-də nümayəndə heyəti Vətənə qayıdacaq.