CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik vətəndaşlara müraciət edir: Qaydaları pozmayın, göstərişlərimizə əməl edin!

© Sputnik / Irade JELILEkologiya və Təbii Sərvətlər nazirliyində mətbuat konfransı
Ekologiya və Təbii Sərvətlər nazirliyində mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir müavini: "Yanğınların meşə ərazisinə keçməsinin qarşısını almaq üçün meşəyə yaxın tikililərin ətrafında 15 metr, meşəyə yaxın magistral avtomobil yollarının kənarında isə 3 metr enində şumlama işlərinin aparılmasına başlanılıb"

BAKI, 3 may — Sputnik. "Son günlər yaz-yay mövsümünün yaxınlaşması ilə əlaqədar milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilir. Bu ilin 4 ayı ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara, ümumilikdə 11131 nəfər turist səfər edib. Onlardan 9850-si yerli, 1281-i isə xarici vətəndaş olub".

18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycana gələn turistlərin sayı artıb

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib: "Sözsüz ki, bu rəqəm Nazirliyi razı salmır. Biz istərdik ki, milli parkları ziyarət edən turistlərin sayı daha çox olsun. Düzdür, qış mövsümündə havaların soyuq olması ilə əlaqədar insanların milli parklara səyahət etməsi çox müşahidə olunmur. Ancaq biz may ayından etibarən milli parklara səyahət edənlərin sayının artımında böyük sıçrayış gözləyirik, çünki hava şəraiti də, təbiət də buna imkan verəcək".

İ.İbrahimova əlavə edib ki, "ekoloji turizm" yeni anlayışdır və bu sahədə müsbət nailiyyətlər əldə olunacağına ümid var: "Hazırda milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən 110 turist marşrutu fəaliyyət göstərir. Təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına riayət etmək hər bir vətəndaşın borcudur. Meşələrin məhvinə səbəb olan yanğınların qarşısını vaxtında almaq və meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri profilaktik və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Tədbirlər Planı təsdiq edilib. Plana uyğun olaraq may ayından etibarən ərazilərdə əsaslı hazırlıq işlərinə start verilib".

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev də görülən işlər barədə danışıb. O qeyd edib ki, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir, meşə zolaqları yanaraq külə dönür: "Azərbaycan da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb. İndiyədək meşə sahələrində baş vermiş yanğın hadisələrinin araşdırılması göstərir ki, yanğınların 98 faizi insan amilinin təsirindən, yəni istirahətə gələnlərin, mal-qara otaranların, biçin sahələrinə od vuranların, meşə meyvələri toplayanların ehtiyatsızlığından və digər səbəblərdən baş verir".

"Belə halların qarşısının alınması məqsədilə Nazirlik xidməti ərazilərin zəruri yerlərində meşə müşahidə qüllələrinin və ya gözətçi postlarının qurulmasına, eyni zamanda həmin sahələrə yaxın mövqelərdə fəaliyyət göstərən fermer təsərrüfatları ilə qarşılıqlı əlaqələrin yaradılmasına, biçindən sonra sahələrə od vurulmaması üçün maarifləndirmə işlərinin aparılmasına başlayıb" - deyə o bildirib.

F.Əliyevin sözlərinə görə, Respublika ərazisində baş verən yanğınların meşə ərazisinə keçməsinin qarşısını almaq üçün meşəyə yaxın tikililərin ətrafında 15 metr, meşəyə yaxın magistral avtomobil yollarının kənarında isə 3 metr enində şumlama işlərinin aparılmasına başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xahiş edir ki, təbiət qoynuna istirahətə gedən vətəndaşlar odla ehtiyatlı davransınlar, fermerlər biçənəkləri yandırmasınlar, təbiət ərazilərinə yaxın kəndlərin sakinləri yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, sürücülər və vətəndaşlar siqaret kötüklərini ətrafa atmasınlar, milli sərvətimiz olan meşələri, yaşıllıqları qorusunlar və Nazirliyin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirləri, verilən tövsiyə və göstərişləri anlayışla qarşılasınlar.

Xəbər lenti
0