BAKI, 3 may - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edib.
O bildirib ki, ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri cinayəti qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 66,6 faizi və ya 34-ü tutulub.
Vilayət Eyvazov diqqətə çatıdırb ki, insan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 34 təqsirləndirilən şəxs (29-u qadın, 5-i kişi) məhkəmə məsuliyyətinə verilib, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb: "Müəyyən edilən 98 insan alveri qurbanından (82 qadın və 16 kişi, hamısı Azərbaycan Respublikasının vətəndaşı) 71-i istismar məqsədilə Türkiyə Respublikası, 20-si Rusiya Federasiyası, 3-ü İran İslam Respublikasına aparılıb, 2-si isə Birləşmiş Ərəb Əmirliklərində, 1-i Malayziyada, 1-i isə Azərbaycanda istismara məruz qalıb. Zərərçəkənlərdən 95-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilərək hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib, 61-i sosial xidmətlərlə əhatə olunması məqsədilə qeyri-hökumət təşkilatlarına, 92-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib. Nəticədə onlardan 32-si işlə təmin edilib, 46-sı peşə kursuna göndərilib, 69-u ailələrinə qaytarılıb, eləcə də hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib. Qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 25 uşaq məktəbəqədər təhsil proqramına yönəldilib, 16-nın atalığı müəyyən edilərək alimentlə təmin olunması, 13-nə lazımi sənədlərin alınmasında köməklik edilib".
"Uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə keçirilən reydlər zamanı ailə mühiti, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən olunub. Aparılan yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənməyib" - deyə Milli Koordinator vurğulayıb.
"Lakin müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 760 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin küçə həyatına məruz qalmış 75 yeniyetmə və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən uşaq mərkəzlərində ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilib. 2018-ci ildə övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 143 uşağın yaşadığı ünvanlarda yerli icra hakimiyyəti orqanları tərəfindən monitorinqlər keçirilib, zəruri sosial yardımlar göstərilib" - o əlavə edib.