Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 3 may — Sputnik. Xəbər verdiyimiz kimi, Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-dur.
"Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" mövzusuna həsr edilmiş Forumda 100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edirlər.
Sputnik Azərbaycan forumda Moldovanı təmsil edən Moldova Respublikasının Təhsil, Mədəniyyət və Araşdırmalar Nazirliyinin Baş Dövlət Katibi İqor Şarovla həmsöhbət olub.
- Cənab Şarov, bildiyimiz qədər, bu, sizin ölkəmizə üçüncü səfirinizdir. Bakı və Azərbaycan haqqında təəssüratlarınız necədir?
- Azərbaycan olduqca gözəl ölkədir, burada mehriban insanlar yaşayırlar. Bundan əlavə, mən vurğulamaq istəyərdim ki, ölkənizdə müxtəlif beynəlxalq tədbirlər ən yüksək səviyyədə təşkil olunur. Moldovanın Təhsil, Mədəniyyət və Araşdırmalar Nazirliyinin nümayəndəsi kimi mənim üçün V Dünya Mədəniyyətlərarası Dialoq Forumu olduqca önəmlidir. Bu forum müzakirələr, müəyyən qərarların verilməsi, səmərəli dialoq, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər üçün platformadır.
- Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında nə deyə bilərsiniz? Bakı Forumu dünyaya nə verə bilər?
- Bu forumda 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. 2011-ci ildə ilk Dünya Mədəniyyətlərarası Dialoq Forum keçirildiyi vaxt heç kim onun bu miqyasa qədər böyüyəcəyini düşünmürdü. Ötən il BMT baş katibi də çıxış edərkən qeyd etmişdi ki, bu forum mədəniyyətlərarası dialoq, mədəniyyətlərarası fikir mübadiləsi üçün ən yaxşı platformalardan biridir. Bu, olduqca əhəmiyyətli faktdır. Bu forum diskussiyaların aparılması üçün olduqca önəmli platformadır.
Mən ötən il dördüncü forumda da iştirak etmişdim. 2011-ci ildə keçirilən forumla bu ilki forum arasında fərq göz qabağındadır. Bakı və Azərbaycan həm də mənim üçün ona görə doğmadır ki, 2013-cü ildə dekabrın 5-i Bakıda UNESCO-nun iclasında iştirak edirdim. Həmin iclas Moldova üçün olduqca əlamətdar oldu. Belə ki, həmin vaxt UNESCO-nun qərarı ilə ilk dəfə Moldovanın bir layihəsi – Kişi kollektivinin ifasında kolyadka (Milad bayramı günü oxunan ənənəvi musiqi – red.) UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Məhz bundan sonra biz daha iki ənənəvi adətimizi bu siyahıya daxil edə bildik. Bunlar bizim xalçalarımız və baharın gəlişini bildirən Merçişor bayramıdır. Biz hazırda bu istiqamətdə dördüncü layihə üzərində işləyirik. Bu anlamda bizim Azərbaycandan öyrənməli olduğumuz çox şeylər var. Çünki, bu məsələ ilə bağlı Azərbaycanın çox böyük ənənəsi və yaxşı məktəbi var.
- Azərbaycan və Moldova arasında münasibətləri, xüsusi ilə mədəniyyət və təhsil sahəsində əlaqələri necə dəyərləndirirsiniz?
- Azərbaycan və Moldovanın ənənəvi, bir qayda olaraq münasibətləri həmişə yaxşı olub. Ən əsası isə bu münasibətlərdə səmimiyyət və mehribanlıq var. Moldovanın Təhsil, Mədəniyyət və Araşdırmalar naziri Monika Babukun Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayevlə, mənimsə onun müavinləri ilə çox yaxşı münasibətlərim var. Bu isə, bir sıra məsələlərin səmərəli şəkildə həllinə öz töhfəsini verir. Son illər Moldovanın Mədəniyyət Günləri Azərbaycanda, Azərbaycanın Mədəniyyət Günləri isə Moldovada keçirilib. Biz Bakıya Moldovanın məşhur Flueraj Ansamblını gətirmişdik. Bu ansambl xalq musiqi alətlərində xalq mahnıları, xalq rəqslərini ifa edir. Ansambl 1960-cı illərdən fəaliyyət göstərir və Moldovanın fəxrlərindən biridir.
Son illər moldovalı rəssamların 15 sərgisi keçirilib. Biz hər il 1-5 mart tarixlərində ənənəvi olaraq Moldovada yazın, sevginin simvolu olan Merçişor bayramını qeyd edirik. Hər il 1-10 mart tarixində Merçişor Beynəlxalq Musiqi Festivalını keçiririk. Bu il festival 52-ci dəfə Moldova Respublikasında keçirildi və biz çalışırıq ki, yaz fəslinin hissini Azərbaycana da gətirək. Yazıçılardan ibarət nümayəndə heyətimiz Azərbaycanda Moldova Ədəbiyyatı günlərində iştirak edib. Bundan sonra Azərbaycandan olan nümayəndə heyəti Moldovada Ədəbiyyat Günlərində iştirak edib.
Bu illər ərzində kitabların Azərbaycan dilindən rumın dilinə, rumın dilindən Azərbaycan dilinə tərcüməsi həyata keçirilib. Nazirlik olaraq Moldova Respublikasında olan Azərbaycan icması ilə çox yaxşı münasibətlərimiz var. Bu icmanın rəhbərliyi Azərbaycan mədəniyyətinin Moldova Respublikasında təbliği üçün çox böyük işlər görür. Özünüz də bildiyiniz kimi, bugünkü platforma yalnız dialoq üçün deyil, həm də şəxsi əlaqələrin yaradılması üçün platformadır. Mən Gürcüstanın təhsil, mədəniyyət və idman naziri cənab Mixail Georqadze ilə görüşdüm. Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayevlə də görüşümüz nəzərdə tutulub. Belə görüşlərdə biz ölkələrimiz arasında münasibətləri müzakirə edir, qarşımıza yeni-yeni hədəflər qoyur və bir-birimizdən nələrisə öyrənirik.
- Bir az da təhsil sahəsindən danışaq. Moldovada oxuyan azərbaycanlı tələbələrin sayı nə qədərdir? Bu istiqamətdə hər hansı bir işlərin görülməsi nəzərdə tutulubmu?
- Çox təəssüflər olsun ki, Moldovadan Azərbaycana təhsil almağa gələn tələbələrin sayı olduqca azdır. Moldovada isə, təxminən 60-a yaxın azərbaycanlı tələbə təhsil alır. Tələbələr ERASMUS proqramı vasitəsilə müvafiq universiteti seçib təhsillərini Moldovada davam etdirə bilərlər. Ümumiyyətlə, biz təhsil sahəsində ölkələrimiz arasında olan əməkdaşlığı genişləndirmək niyyətindəyik.