BAKI, 3 may — Sputnik. Bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə "Mətbuat azadlığı bəşəri mahiyyət və Azərbaycan reallığı" mövzusunda konfrans keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, konfrans Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunub.
Konfransda çıxış edən MŞ sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, Azərbaycanda 1998-ci ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq mətbuat üzərindən senzura götürülüb: "Hazırda ölkədə elə bir insan yoxdur ki, öz fikirlərini bölüşərkən hansısa maneə ilə üzləşsin. Bu gün Azərbaycan mətbuatı hərtərəfli tələblərə cavab verən qanunvericilik bazasına malikdir. Azərbaycan MDB dövlətləri arasında senzuranı ləğv edən ilk ölkədir".
Millət vəkili vurğulayıb ki, bu gün ölkədə baş verən hadisələr bu və ya digər yolla - istər sosial şəbəkələr, istərsə də media vasitəsilə ictimaiyyətə çatdırılır.
Tədirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev qeyd edib ki, bu gün informasiya seçimində diqqətli olmaq lazdır: "Çünki informasiya bolluğu şəraitində yalanla həqiqəti ayırd etmək çətin prosesdir. Bu isə qlobal dünyada müəyyən neqativ hallara yol açır".
Daha sonra "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxış edərək, Azərbaycan mediasının bugünkü vəziyyətindən danışıblar.