Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 2 may - Sputnik. "Dünyada uşaqların 50-70%-i psixoloji, seksual və fiziki zorakılığın qurbanı olur". Sputnik Azərbaycan xəbər verir ki, bunu UNİCEF-in Uşaq müdafiəsi, Avropa və Mərkəzi Asiya üzrə Baş Regional Məsləhətçisi Aaron Qrinberq V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda keçirilən iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, erkən uşaqlıqda təməl xidmətlərin təmin olunması olduqca vacibdir: "Erkən uşaqlıqda inkişafa qoyulan sərmayələr öz töhfəsini verir. Hazırda bu sahələrə nəhəng sərmayələr yatırılır. Bu sərmayələr uzun müddətli nəticələr əldə etmək üçün qoyulur".
Qrinberq vurğulayıb ki, bir çox dövlətlərin apardığı tədqiqatların nəticələri çoxlu sayda uşaqların zorakılığa məruz qaldıqlarını üzə çıxarır.