BAKI, 27 aprel — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bakı-İstanbul aviareysilə getmək istəyən Azərbaycan Respublikasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin əl çantası və gödəkçəsi rentgen aparatında yoxlanılarkən sərnişində gömrüyə bəyan edilməyən malların olması barədə gömrük əməkdaşında əsaslı şübhə yaranıb. Vətəndaş saxlanılıb və çantasında təkrar yoxlama aparılıb.
Nəticədə, çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış 150 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 15 000 ABŞ dolları, vətəndaşın gödəkçəsinin cibində isə gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış 100 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 10 000 ABŞ dolları, ümumilikdə 25 000 ABŞ dolları aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.