BAKI, 26 aprel — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhərinin Nərimanov rayonunda "28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü" və "Əmək münasibətlərinin rəsmiləşdirilməsinin əsasları və qaydaları" mövzularında maarifləndirici tədbir keçirib.
Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən məlumat verilib.
Tədbirdə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2019-cu il üçün Ümumdünya Əməyin Mühafizəsi gününün mövzusunun "Təhlükəsizlik, sağlamlıq və əməyin gələcəyi" kimi müəyyən olunduğu vurğulanıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəlib. Xidmət tərəfindən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi ilə bağlı norma, qayda və prinsiplər barədə işəgötürənlər arasında geniş və ardıcıl məlumatlandırma işləri də aparılır. Cari ildə də müvafiq Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair Bakıda və respublikanın ayrı-ayrı regionlarında məlumatlandırma tədbirləri davam etdirilir.
Bir sıra hallarda əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına biganə münasibət işçilərin həyat və sağlamlığının itirilməsi ilə nəticələnən istehsalat qəzalarının baş verməsinə səbəb olur. Azərbaycanda 2019-cu ilin birinci rübündə istehsalatla əlaqəli sayılmış 42 bədbəxt hadisənin Xidmət tərəfindən təhqiqatı aparılıb. Bu hadisələr nəticəsində 8 nəfər həyatını itirib, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aparılmış təhqiqat işlərinin nəticələrinə uyğun tədbirlərin görülməsi təmin edilib.
Hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir.
Tədbirdə qeyri-rəsmi məşğulluğun mənfi nəticələri barədə də məlumat verilib. Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu vurğulanıb.
İştirakçılara müvafiq mövzularda ətraflı məlumatlar çatdırılıb, onların suallarına cavablar verilib.