BAKI, 26 aprel - Sputnik. Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi internet istifadəçilərinin akkauntlarını qorumaq üçün istifadə etdikləri ən "zəif" parolları müəyyən ediblər. Sputnik Azərbaycan-ın məlumatına görə, tədqiqatın nəticələri Mərkəzin saytında dərc edilib.
Ən zəif parolların müəyyən edilməsi üçün ekspertlər hakerlərin istifadçi akkauntlarını qırarkən istifadə etdikləri 100 min parol barədə məlumatlar bazasını təhlil ediblər.
Siyahıda ilk yeri "123456" kombinasiyası tutub. Bu paroldan 23 milyon insan istifadə edir. İkinci yerdə 7,7 milyon istifadəçinin seçdiyi "123456789" parolu gəlir. Üçüncü ən populyar kombinasiya "qwerty" (3,8 milyon), dördüncü — password (3,6 milyon), beşinci — 1111111-dir (3,1 milyon).
Həmçinin qeyd olunur ki, bir çox istifadəçilər səhv olaraq parol kimi öz adlarını, futbol klubları və musiqi qruplarının adlarını seçirlər.