BAKI, 26 aprel - Sputnik. Bazar iqtisadiyyatının təşəkkül tapması və dayanıqlı tərəqqinin təmin olunmasında əsas aparıcı qüvvə sahibkarlıq və onun da daxilində kiçik və orta tipli müəssisələrdir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ölkənin ÜDM-nin artımından kiçik və orta sahibkarlığın rolu böyükdür.
Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində hökümət tərəfindən bir sıra tədbrilər həyata keçirilməkdədir.
Bunların içərisində Azərbaycan Respublikasının prezidentinin 26 iyun 2018-ci il tarixli sərəncamı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılmasını göstərmək olar. Bu gün kiçik və orta sahibkarlığın dayanıqlı maliyyə təminatı sisteminin formalaşdırılması KOS-ların qarşısında dayanan ən aktual məsələlərindəndir.
Bunları nəzərə alaraq, İqtisadi Resursların Öyrənilməsi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə may ayının 1-dən yeni layihənin icrasına başlayır. “Regionlarda kiçik və orta sahibkarlığın alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılması” layihəsi regionlarda kiçik və orta sahibkarlığın üzləşdiyi maliyyə mənbələrinə çıxış problemlərindən, bunun üçün ortaqlıq yolu ilə biznesə əlavə investisiyanın cəlbinin mümkünlüyündən və praktik həllərin irəli sürülməsindən bəhs edir.
Layihə çərçivəsində treninqlər keçiriləcək, sosial şəbəkələrdə müzakirələr təşkil olunacaq, kitabça nəşr olunacaq.