Rahim Zakiroğlu, Sputnik Azərbaycan.
BAKI, 25 aprel - Sputnik. Lənkəran rayonu Liman şəhərinin müxtəlif yerlərində və Balıqçılar qəsəbəsində 9 nəfəri it dişləyib.
Sputnik Azərbaycan-ın müxbirinin əldə etdiyi məlumata görə, xəsarət alanların hamısı eyni itin hücumuna məruz qalıb. İt dişləyənlərdən 1 nəfəri qadın, 8 nəfəri kişidir.
Şahidlərin sözünə görə, it qarşısına keçənlərin hamısına hücum edib. Bu səbəbdən də itin quduz olduğu ehtimal edilir.
Balıqçılar qəsəbəsində it 1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılovaya hücum edib. Liman şəhərində isə 1955-ci il təvəllüdlü Şakir Hüseynov, 1994-cü il təvəllüdlü İsa Aslanlı, 1999-cu il təvəllüdlü Tural Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ələkbərov, 1988-ci il təvəllüdlü Zahid Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa Məmmədov, 1990-cı il təvəllüdlü Abbasov Anar it hücumuna məruz qalıblar.
İt dişləməsi nəticəsində xəsarət alanlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstələrdən 8 nəfərinə ilkin tibbi yardım göstərilərək ambulator müayinəyə buraxılıblar. Bir nəfərin isə xəsarəti yüngül olduğundan nəzarətdə saxlanılıb və səhər saatlarında müayinə ediləcək. Onların hamısına quduzluğa qarşı vaksin vurulacaq.