38 yaşlı Bakı sakini Samirə Salmanova USİ diaqnozu ucbatından nə gəzə bilir, nə də danışa. Təbii ki, əldə fırça ilə rəsmlər yaratmaqdan söhbət belə gedə bilməzdi. Amma onun ağır xəstəliyinin törətdiyi çətinliklər onu rəssam olmaq arzusundan yayındıra bilməyib.
Diaqnozu 1 yaş yarımlıq uşaq olanda qoyulub. Sonu görünməz müalicələr isə heç bir nəticə verməyib.
“Oğlum birinci sinif şagirdi olanda rəsm dərslərini edirdi. Samirə də onun əlinə maraqla baxırdı, daha sonra isə özü ayaqları ilə ilk cızma-qaralarını eləməyə başladı. Vaxt keçdikcə, qardaşından da daha yaxşı rəsm çəkməyə başladı”, - deyə rəssamın anası Faiqə Salmanova danışıb.
Samirə hər şeyi özü öyrənib. Yağlı boyayla işləməyi bacarmayan Samirə internetdə dərslərə baxa-baxa özü də bu texnikaya yiyələnməyə nail olub.
“Mənim qızımın arzuları çoxdur. Ən böyüyü, əlbəttə ki, ayağa durub gəzməkdir. Başqa qızlar kimi o da istəyərdi ki, gəlin getsin. Demək olar ki, Samirənin bütün arzuları ürəyində qalıb”, - Faiqə Salmanova bizimlə bölüşüb.
Qeyd edək ki, aprelin 21-i bu cəsur və istedadlı qızın 39 yaşı tamam olub. Və o, hər şeyə rəğmən arzu qurmağa və hər şeyin yaxşı olacağına inanır.