BAKI, 24 aprel — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanda ABŞ Prezidenti Donald Trampla görüşəcəyini bəyan edib.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ankarada jurnalistlərə açıqlamasında Ərdoğan məlumat verib. O bildirib ki, görüş Trampın təşəbbüsü ilə baş tutacaq.
Qeyd edək ki, son vaxtlar "S-400" zenit-raket komplekslərinin alınması ilə bağlı Türkiyə-ABŞ münasibətlərində gərginlik yaşanır. Martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.
"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə amerikalı sözçü vurğulayıb.