BAKI, 23 aprel — Sputnik. Aprelin 23-də Moskvada MCIS-2019 Beynəlxalq Təhlükəsizlik üzrə VIII konfrans işə başlayıb. Konfransa onlarla ölkənin müdafiə nazirləri, deputatları və ekspertləri qatılıblar. Tədbir iştirakçıları arasında həmyerlimiz, ictimai xadim, Rusiyada İsraili təmsil edən "Herut" Ümumdünya Sionist Hərəkatının rəhbəri, sülh səfiri Aleksandr Şapiro-Suliman da olub. O, Sputnik Azərbaycan-a sözügedən konfransın regional təhlükəsizlik məsələlərinin həllində rolu və Azərbaycan-İsrail münasibətlərinin inkişaf perspektivləri barədə fikirlərini bildirib.
"Mən hesab edirəm ki, İsraillə Azərbaycan arasındakı strateji tərəfdaşlıq Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır. Öz növbəsində iki ölkə arasında hərbi-texniki tərəfdaşlığın inkişafı Azərbaycanın təhlükəsizliyinin yaxşı səviyyədə təmin olunmasına, eyni zamanda belə bir mürəkkəb regionda hərbi-siyasi tarazlığın yaranmasına imkan verir" - deyə Şapiro-Suliman bildirib.
O həmçinin Yaxın Şərqdəki problemlərə də toxunub: "Bilirsiniz ki, bu gün Yaxın Şərqdə vəziyyət çox mürəkkəb olaraq qalır. Suriyada terror qruplaşmalarının fəallaşmaq təhlükəsi hələ də qalmaqdadır. Moskvadakı konfrans daha çox bu məsələyə - ümumilikdə Yaxın Şəqrdə vəziyyəti sabitləşdirməyə həsr olunub. Mən ümid edirəm ki, dünya ictimaiyyəti bütün baş verənləri, eləcə də bu yaxınlarda Şri-Lankada olan hadisələri düzgün qiymətləndirməyi bacarır. Axı planetdə sülh və təhlükəsizlik terrorizm və ekstremizm təzahürlərinə vaxtında və səmərəli reaksiya verməklə əlaqədardır".
Dağlıq-Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyətə gəlincə, yəhudi hərəkatının lideri bildirib ki, Azərbaycan erməni tərəfinə əsir və girovları "hamını hamıya" prinsipi ilə dəyişmək təklifini irəli sürməklə düzgün addım atıb.
"İsrail həmişə, hətta ən çətin illərdə Azərbaycanın yanında olub və irəlidə də Bakının regionda sülhün və sabitliyin bərqərar edilməsi, beynəlxalq diplomatiya vasitəsi ilə ərazi bütövlüyünə nail olması istiqamətində səylərini dəstəkləməkdə davam etdirəcək" - deyə "Herut" Ümumdünya Sionist Hərəkatının rəhbəri bəyan edib.