BAKI, 23 aprel — Sputnik. Rusiyanın Altay Diyarı İstintaq Komitəsinin müstəntiqləri 20 il əvvəl adam öldürməkdə günahlandırılan 48 yaşlı azərbaycanlı barəsində olan cinayət işinin istintaqını tamamlayıblar. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı qəsdən adam öldürməkdə ittiham olunub.
İstintaqın məlumatına görə, 1999-cu ildə Barnaul şəhərində yeni il gecəsində azərbaycanlı paltar satıcısı ilə mübahisə edib, ardından onu bıçaqlayaraq hadisə yerindən qaçıb. Hadisədən sonra satıcı ölüb, azərbaycanlı isə hüquq mühafizə orqanları tərəfindən axtarışa verilib.
Adı açıqlanmayan azərbaycanlı Rusiyanın regionlarının birində saxlanılıb və cinayət işinin istintaqı zamanı günahkar olduğunu etiraf edib.
Məlumata əsasən, cinayəti törədən şəxs Qazaxıstanda vətəndaşlıq əldə edərkən şəxsi məlumatlarını, tamamilə dəyişib və bu səbəbdən sonradan Rusiyaya sərbəst şəkildə səfər edə bilirmiş.
Təqsirləndirilən şəxsin cinayət törətdiyini etiraf etməsindən sonra tamamlanmış istintaq materialları açılmış cinayət işi çərçivəsində məhkəməyə göndəriləcək.