BAKI, 23 aprel - Sputnik. Prezident "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb.
Sənədlə Maliyyə Nazirliyinə həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik maddi yardımın bu sərəncamda nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.