Nigar Məhərrəm, Sputnik Azərbaycan.
BAKI, 21 aprel — Sputnik. Bu gün cəmiyyətin ən həssas təbəqəsi fiziki məhdudiyyətli şəxslərdir. Onlarla işləmək isə daha böyük məsuliyyət və əmək tələb edir. Azərbaycanda isə bu cür şəxslərlə işləmək üçün ən böyük məsuliyyət 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətovanın üzərinə düşür. İxtisasca həkim olan həmsöhbətimizlə müəssisənin fəaliyyəti, bu şəxslərin cəmiyyətə necə qazanılmasının yollarından danışdıq.
- Fiziki məhdudiyyətli şəxslərlə işləmək əmək və məsuliyyət tələb edir. Siz onları cəmiyyətə necə təqdim edirsiniz?
- Bizə müraciət edən gənclər arasında elələri var idi ki, yalnız ev təhsili almışdılar. Onlar bu cür bacarıqlarla nə zamansa işləyə biləcəklərini, peşə bacarıqlarını daha da artıra biləcəklərini heç düşünməmişdilər. Biz isə müxtəlif sərgilər təşkil etməklə onları cəmiyyətə təqdim etdik. Bu sərgilərlə tanınan, özünə güvənən elə tələbələrimiz var ki, imtahan verərək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunub. Onların sırasında dövlət səviyyəsində məşğulluq proqramı ilə işlə təmin olunanlar da var. Elçin adlı bir tələbəmiz qəzadan sonra təhsilini yarımçıq qoymuşdu. Bura gəldikdən sonra özünə güvəni daha da artdı. Hazırda həmin oğlan Təhsil Nazirliyində çalışır.
- Kimsəsizlər üçün necə, hansısa şərait yaradılırmı?
- Olur, belə hallarda da bacardığımız qədər köməklik göstəririk. Hazırda müəssisəmizdə olan gənclərdən biri kimsəsizdir. Vadim adlı bu gəncin gedəcək başqa yeri olmadığından burada qalır. Psixonevroloji durumuna görə o, bir müddət internatda yaşamalı olub. Sonradan isə bəlli olub ki, onun psixoloji durumu cəmiyyətə nəsə qazandırmağa imkan verir. Artıq biz ona 2 peşə üzrə təhsil vermişik. O, Masazırda yerləşən, valideyn himayəsindən məhrum uşaqlar üçün nəzərdə tutulan “Məzun evi”ndə evlə təmin olunacaq.
- Onlar özləri cəmiyyətdən hansı münasibəti görmək istəyirlər?
- Öncələr bu şəxslər haqqında düşünəndə yalnız maliyyə yardımından danışırdılar. Əslində, maliyyə yardımı kömək deyil. Əksinə, maliyyə yardımı bu cür şəxslərin əqidəsinin öldürülməsi deməkdir.
- İstəyərdim, məsuliyyətdən danışasınız...
- Övladı bu cür dünyaya gətirən valideynin üzərinə çox böyük məsuliyyət düşür. Artıq müəyyən yaşa çatdıqdan sonra övladı ilə birgə müəssisəmizə müraciət etdikdə isə onlar müəyyən çətinlikləri aşmaq istəyirlər. İstək elə çətinliyin yarısının aşılması deməkdir.
- Bu yolda onlara dəstək olmaq üçün nə etmək lazımdır?
- Sadəcə olaraq müəyyən əngəlləri aşmaqda qarşılaşacağın çətinlikdən qorxduğunu bildirməməlisən. Əsas məsələ budur.
- Amma etiraf edək ki, bu çətinliyi aşa bilməyən valideynlər də var...
- Belə övladını cəmiyyətə təqdim etmək istəməyən valideynləri biganə adlandırmaq olar. Olur ki, valideyn bəzən övladının məhrumiyyətindən doyur. Amma övladını atacaq dərəcədə ondan doyan, bezən valideyn qarşıma çıxmayıb. Bəzən, “qismətim niyə belə oldu” deyib həyatından bezənlər də olur. Olur ki, valideyn istəyir, cəhd edir, amma övladında nəsə alınmır. Bəzən də inamsız olan valideynin övladı daha çox nəyəsə nail olur. Düşünürəm ki, belə uşaqların cəmiyyətə qazanılması üçün valideyn dəstəyi mütləqdir. Tək qanadlı quş uça, pərvazlana bilməz.
- Valideynlərin bura giriş-çıxışı sərbəstdirmi?
- Bura, tam qapalı müəssisə deyil. Valideynlər istənilən zaman gəlib övladlarına baş çəkə, hətta dərslərində belə otura bilərlər. Bir çox hallarda yaxın ərazilərdə yaşayan valideynlər gələrək şənbə və bazar günləri övladlarını evə aparırlar.
- Müəllimlər tələbələrə qarşı çox həssasdırlar. Yəni onların hər çətinliyini, həyəcanını duya bilirlər. Bu, daha çox nə ilə bağlıdır?
- Bizim elə müəllimlərimiz var ki, onlar özləri də fiziki məhdudiyyətlidir. Toxuculuq peşəsini tədris edən müəllim fiziki məhdudiyyətli olsa da, gözəl əl işlərinin müəllifidir. Ümumiyyətlə, biz bu uşaqlara tam sağlam biri kimi yanaşırıq. Ona görə də fiziki məhdudiyyətləri ilə bağlı onlara sual verilməsinə şərait yaratmırıq.
- Olurmu ki, hansısa bir obrazın yaradılmasına qarşı çıxasınız?
- Belə hallar da olur. İki gəncimiz Novruz şənliyində kosa və keçəl obrazını canlandırmaq istədiklərini dedilər. Onlardan birinin əli qatlanmış vəziyyətdədir. Bu səbəbdən də mən bu istəyə görə etirazımı bildirdim. Çünki düşünürəm ki, belə olan halda biz onu sanki yazıq kimi təqdim etmiş olarıq. Yəni sağlam adam bu obrazı canlandırsa, camaatın ona gülməsi normaldır. Bilirsiniz necədir, biz yaradılan obrazın cəmiyyətdə necə qarşılanacağını da düşünürük.
Xatırladaq ki, 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi 1990-cı ildə Gənc Əlillərin Əmək və İstirahət Evi kimi yaradılıb. Zamanla burada əlilliyi olan şəxslər yaşayıb. 2010-cu ilin dövlət proqramına uyğun olaraq müəssisə təmirə bağlanıb və ailəli olan əlillərin bir qisminə ev verilib. Digər şəxslər isə müəyyən internat müəssisəsinə yerləşdirilib.
2013-cü ilin 24 dekabrında isə müəssisə yeni fəaliyyətlə ictimaiyyətə təqdim olunub. 200 nəfərlik olan müəssisədə kişi və qadın saç ustası, xalq sənəti, toxuculuq, xalçaçılıq, oyma üsulu ilə işləmə, rəssamlıq, dizayn, tikiş, montaj-operator peşələri öyrədilir. Bundan başqa, sözügedən müəssisədə müxtəlif idman növləri üçün xüsusi zallar, geniş otaqlar var. Böyük yeməkxanası və səliqəsi ilə seçilən müəssisənin divarları isə gənclərin əl işləri ilə bəzədilib.
Qeyd edək ki, peşə təhsili müddətini bitirərək imtahan verən şəxslərə sertifikatlar təqdim olunur.