BAKI, 19 aprel — Sputnik. Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının iclası keçirilib. İclasda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.
Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun sədrliyi ilə keçən iclasda təşkilati məsələlərə baxılıb.
Oqtay Əsədov Valentina Matviyenkonun yenidən MDB PA Şurasının sədri seçilməsi təklifi ilə çıxış edib: "2011-ci ildən Şuraya inamla sədrlik edən Valentina Matviyenko dövlətlərarası və beynəlxalq əlaqələr sahəsində böyük təcrübəyə malikdir".
Təklif yekdilliklə qəbul olunub. Sonra iclas iştirakçıları MDB PA-nın 49-cu plenar iclasının gündəliyini müzakirə edib, MDB ölkələrində son vaxtlar keçirilən seçkilərin monitorinqinin nəticələri, 2018-ci ildə təşkilatın fəaliyyətinin yekunları və digər məsələlər barədə məlumatları dinləyiblər.
Valentina Matviyenko Oqtay Əsədov ilə görüşündə Azərbaycana aprelin əvvəllərində səfərini məmnuniyyətlə xatırlayıb. O, səmimi qəbula və yüksək mükafata – Azərbaycanın "Dostluq" ordeninə layiq görüldüyünə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Matviyenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşünün yüksək səviyyədə keçdiyini qeyd edib: "Mehriban xanım çox maraqlı həmsöhbətdir. Biz onunla görüşümüz zamanı xeyli söhbət etdik. Biz hörmətli Mehriban xanımın Birinci vitse-prezident kimi Rusiyaya səfərində maraqlıyıq".
Oqtay Əsədov səmimi sözlərə görə təşəkkürünü bildirərək, Valentina Matviyenkonun Azərbaycan-Rusiya münasibətlərinin inkişafında rolunu yüksək qiymətləndirib. Görüşdə ikitərəfli əməkdaşlıq, parlamentlər arasında qarşılıqlı fəaliyyətlə bağlı bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.
O.Əsədov V.Matviyenkoya Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr edilmiş xüsusi medal və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Fəxri medalını təqdim edib.
Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri davam edir.