BAKI, 19 aprel — Sputnik. Ukraynada prezidentliyə namizədlər Pyotr Poroşenko və Vladimir Zelenski arasında keçiriləcək debata bütün biletlər satılıb. Bu barədə Sputnik Azərbaycan "UNİAN"-a istinadən xəbər verir.
Poroşenko və Zelenski arasında debat aprelin 19-u saat Bakı vaxtı ilə 19:00-da Kiyevin "Olimpiyskiy" stadionunda keçiriləcək. Stadionda 70 mindən çox azarkeş toplana bilər.
Qeyd edək ki, Ukraynada martın 31-də prezdent seçkiləri keçirilib. Birinci turun nəticələrinə görə, Vladimir Zelenski hamıdan çox səs toplayıb. O, seçicilərinin 30,24%-nin səsini qazanıb.
İkinci pillədə isə hazırkı prezident Pyotr Poroşenko qərarlaşıb. Onu Ukrayna vətəndaşlarının 15,95%-i dəstəkləyib.
Hazırda bu ölkədə prezident seçkilərinin ikinci turuna hazırlıq gedir. İkinci tur aprelin 21-də keçiriləcək.