BAKI, 18 aprel — Sputnik. Bakıda Babək prospekti ilə Heydər Əliyev prospektini birləşdirən və Keşlə qəsəbəsindən keçən dəmiryolu keçidində sürət qatarının və ətrafda yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədilə yeraltı yol ötürücüsü tikilir.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, həmin ərazidə tunelin tikintisinə görə avtomobillərin hərəkəti 3 ay müddətinə məhdudlaşdırılır.
"Bunla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı var. Əvvəllər sürət qatarları həmin ərazidən keçəndə dəmir yolu avtomobil yolu ilə kəsişdiyi üçün sürəti azaltmalı olurdu. Digər tərəfdən, insanların dəmiryolu xəttini keçməsi də təhlükə yaradırdı" - V.Əsədov bildirib.
Qeyd edib ki, yeni tunelin tikintisindən sonra avtomobillər tunellə birbaşa hərəkət edəcək: "Həmçinin, piyadalar da tuneldən keçə biləcəklər Sürücülərdən bunu nəzərə almağı xahis edir və tövsiyə edirik ki, alternativ yollardan istifadə etsinlər".