Nigar Məhərrəm, Sputnik Azərbaycan.
BAKI, 17 aprel — Sputnik. "Ötən il ərzində ölkədə 138 min 982 körpə doğulub. Doğum üzrə əmsal isə 14.2 olub. 2018-ci il ərzində 57 min 250 nəfər dünyasını dəyişib. Ölüm üzrə əmsal isə 5.8 olub".
Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov verib.
E.Səfərovun sözlərinə görə, ölümlər üzrə əmsal 5.9-dan 5.8-ə düşüb: "Doğumlar üzrə əmsal ötən il olduğu kimi bağlanan nikahların sayına görə 14.2 əmsalında qalıb. Lakin öncəki ilin statistikası ilə müqayisədə doğumla bağlı ümumi rəqəmlərdə 3 minədək azalma qeydə alınıb".
Uşaq nikahlarından danışan komitə rəsmisi növbəti aydan etibarən bir sıra istiqamətdə aparılan statistikaların açıqlanacağını da vurğulayıb: "Digər regionlarla müqayisədə Bakıda uşaq nikahları daha çox qeydə alınır. Bu və digər məsələlərlə bağlı statistikanı mayın sonlarında təqdim edəcəyik".