Orxan Bahadırsoy, Sputnik Azərbaycan
BAKI, 18 aprel — Sputnik. Onu həmişə televiziya ekranlarından görürük. Xarici görünüşcə kifayət qədər xarizmatik təsir bağışlayır. Amma o, təkcə xarici görünüşü ilə deyil, sənəti və sənətə baxışları ilə də fərqlənir.
Sputnik Azərbaycan-ın budəfəki qonağı gənc və istedadlı aktyor Türkay Cəfərlidir.
- Xoş gördük, Türkay bəy. Tamaşaçılar sizi teatr, kino və seriallardan tanıyır. Bioqrafiyanızı bilmək hər kəs üçün maraqlıdır.
- Mən Türkay Cəfərli 1990-cı il noyabr ayının 5-də Bakı şəhərində dünyaya göz açmışam. 1997-ci ildə 95 saylı orta məktəbdə ilk təhsilimə başlamışam. 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyorluq" fakültəsinin "Kino və Teatr Aktyorluğu" ixtisasına qəbul olunmuşam. 2014-cü ildə hərbi xidmətə gedib qayıtdıqdan sonra fəaliyyətimə davam etmişəm.
- İlk fəaliyyətiniz necə başladı? Teatrda yoxsa kinoda yaradıcılığa qədəm qoydunuz?
- İlk dəfə kino ilə fəaliyyətə başlamışam. Əvvəlcə tələbə işi olub. Daha sonra çoxseriayılı bədii filmdə oynamışam. Daha böyük işim "Qaranlıqlar çiçəyi" filmi olub. Onu deyim ki, çox gözəl hiss idi. Məni belə tez görmələri, tez tapmaları məni çox sevindirdi. Universitetə başlayanda tələbələr arasında söhbət yayılmışdı ki, "bir oğlan gəlib universitetə, gəl görəsən". Özümü Alen Delon kimi hiss edirdim.
- Onda belə bir sual yaranır: Türkay Cəfərlinin uğuru onun istedadında idi yoxsa fakturasında?
- İlk vaxtlarda görünüşüm diqqət çəkirdi. Daha sonra əlbəttə ki, istedad. İstedadsız heç nə etmək olmazdı. Hər halda istedadım olmasaydı, indi Türkay Cəfərli kimi məndən müsahibə almazdınız.
- Müasir Azərbaycan kinosunun və teatrının problemlərini nədə görürsünüz?
-Bizim kinomuzun ən böyük problemlərindən biri ssenaridir. Digər problemlər isə hər yerindən duranın özünün rejissor hesab etməsi, aktyor adlandırmasıdır. Teatrın ən böyük problemi odur ki, aktyorun öz ikinci evi bildiyi yer ona xəyanət edir. O xəyanət ki, teatr aktyora əsəbdən, problemdən başqa heç nə vermir. İndi müəyyən qədər düzəlmək istəyir, amma tam həll olunmayıb. Kinoda da, teatrda da maliyyə vacib məsələdir. Aktyora dəyər verilmirsə, nə kinodan, nə də teatrdan söhbət gedə bilər.
- Bəs bu problemlərin həllini nədə görürsüz? Hər yerindən duranın özünü aktyor, rejissor hesab etməməsi üçün, teatrın aktyora xəyanət etməməsi üçün neyləmək lazımdır?
- Seçimlər olmalıdır. Təhsilli ilə təhsilsiz, istedadlı ilə istedadsız ayırd edilməlidir. Məndən olsa sosial şəbəkələri rədd edərdim. Sosial şəbəkələr cəmiyyətimizi pozur. Kino və teatrımızın başında bu sahəni dərindən bilən insanlar olmalıdır ki, onlar aktyora, aktrisaya dəyər verməyi bacarsınlar. Onlar biləcək ki, kim sənət dalınca qaçandı, kim "sən və ət" dalınca qaçandır. Bizim sektorumuzda şəxsi münasibətlər, seks münasibətləri sənətdən öncə gəlirsə, inkişafdan söhbət gedə bilməz. Səviyyəsiz vaynerləri, özünü aktyor kimi sırıyan bloqqerləri əsl sənətkarlardan ayırmaq lazımdır ki, tamaşaçılar görsün əsl aktyor kimdir, reytinq xətrinə özünü bambılılığa qoyanlar kimdir.
- Bəs siz on illik fəaliyyətinizdə bu sənətə aidiyyəti olmayıb sənətin içində olan adamlara etiraz etmisinizmi? Onların sənətdənkənar olduğunu, kiminsə yaxud nəyinsə hesabına sənətə soxulduqlarını üzlərinə demisinizmi?
- Əlbəttə. Həm də dəfələrlə. Üzlərinə demişəm. Sonra isə görmüşəm ki, yanan da mənəm, yaman da mən. Hamı şikayət edir, hamı mənim yanımda etiraz edir, üzdə isə susurlar. Öndə gedən həmişə dəli olur. Bəzən bu adamların üzünə bu həqiqəti dedikdə qəbul da edirlər, razılaşırlar, amma deyirlər ki, millət belə istəyir. Görmüşəm qismən düz də deyir. Çünki millətin bir qismi düşünməyi, mühakimə etməyi, yaxşını pisdən seçməyi bacarmır. Səviyyəsiz vaynları reytinqlərdə birinci edən də bu cəmiyyətdir, qınayan da bu cəmiyyətdir. Ən böyük problem də ondadır ki, bizim kino və teatrsevər insanların düşüncəsi son illərdə mənfiyə doğru dəyişib. Bunun günahını sosial şəbəkələrdə trendə çevrilən mənasız-məzmunsuz vaynlarda və bu vaynları çəkənlərdə görürəm.
- Bir şey də hamımıza məlumdur ki, sənətə gəlib rejissor, aktyor kürsüsündə oturan adamların, amma sənətə zərrə qədər dəxli olmayan adamların bir qismi də İncəsənət Universitetini bitiriblər. Biz onlara sənətə təsadüfi gələn adamlar deyirik, amma onlar sənətin təhsil ocağından çıxıb, diplom da alıblar. Bu biliksiz, bacarıqsız adamlar o universitetin qapısından içəri girməyi və əlidiplomlu çıxmağı necə bacarıblar?
- Bunun çox aydın cavabı var. Bizim universitetdə çoxu diplom almağın dərdindən təhsil alıb. Valideynlər universitet yarışına girib övladlarını ali təhsil almağa məcbur edib və balı aşağı olduğu üçün çoxu İncəsənət Universitetinə axışıblar. Bir qismi də hərbidən yayınmaq üçün, tələbə adı altında dörd ilini keçirmək üçün bizim universitetə daxil olub. Bunu necə bacarmaqlarına gəlincə, əsas məsələ nəticədir. Nəticədə diplom alıblar.
- Türkay bəy, hər aktyorun içində elə bir obraz var ki, o obraz heç vaxt yazılmayıb. Aktyorlar hər dəfə bir ayrı obrazı canlandırırlar. Daha sonra hər obrazda sevdikləri keyfiyyətləri toplayıb özləri üçün başqa bir obraz yaradırlar. Yəqin ki, sizin də daxili aləminizdə belə bir obraz var. Varsa, o necə bir xarakterdir?
- Əlbəttə ki, var. Mənim də ürəyimdə, xəyalımda belə bir obraz var. Ən böyük arzum hansısa tarixi şəxsiyyətin obrazını canlandırmaqdır. Çoxuna adi gələr bəlkə də. Amma mən bunu arzulayıram. Çoxlu daxili sarsıntıları, psixoloji problemləri olan, lakin bu travmalarını sakit, mülayim bir tərzlə göstərən tarixi bir şəxsiyyəti canlandırmaq istəyərdim. Bir də çox dramatik bir sevgi hekayəsində əsl aşiq obrazını canlandırmağı istəyərdim.
- Hansı ölkənin film və serial sektorunda gözünüz var? Hansı ölkədə doğulub, o ölkənin aktyoru olmaq istəyərdiniz?
- Hollivud, yəni ABŞ, İtaliya və Türkiyə.
- Səbəbi nədir?
- Çünki onlar aktyora dəyər verirlər. Açıq deyim, maliyyə cəhətdən və sənət cəhətdən bu ölkələrə həsəd aparıram. Bir də ki, çox aktyor şöhrəti danır. Mən isə danmıram. Hər aktyor şöhrətli olmaq istəyir. Mən də həmçinin. O ölkələrdə də aktyor kimi şöhrət qazanmaq, bir aktyor həyatı yaşamaq lüksü var.
- Müsahibə üçün həm öz adımdan, həm də Sputnik.az adından təşəkkür edirəm, Türkay bəy. Çox sağ olun.
- Siz də sağ olun.