İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 17 aprel — Sputnik. Ötən gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya üzrə qızılcaya yoluxma faktları ilə bağlı hesabatını açıqlayıb. Hesabata görə, bütün dünyada qızılca xəstəliyi bu ilin ilk 3 ayında keçən illə müqayisədə 4 dəfə artıb. Və hazırda dünyanın bir çox ölkələrində qızılca sürətlə yayılır.
Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?
K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr, tibb elmləri doktoru, professor Nəsib Quliyev Sputnik Azərbaycan-ın bu sualına cavabında bildirib ki, Azərbaycanda qızılcaya qrup şəklində yoluxma halları müşahidə olunur.
"Qızılcaya daha çox peyvənd edilməyən uşaqlar və gənclər yoluxurlar. Ölkədə qızılcanın endemik ocağı yoxdur. Qızılca Azərbaycana Gürcüstandan, Orta Asiyadan, Ukraynadan gətirilir. Hazırda qızılcaya yoluxanlar var, amma ölkədə epidemiya həddinə çatan heç bir xəstəlik yoxdur" - baş pediatr vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda xəstələrin sayı tək-tək xəstələnmələrlə xaraktezirə edilir: "Ötən ilin noyabr ayından bu ilin yanvarına qədər Azərbaycanda 55 belə hal qeydə alınıb. Yanvar ayından bu günə kimi 85 nəfər qızılcaya yoluxub".
N.Quliyev diqqətə çatdırıb ki, ölkədə milli peyvənd kampaniyasına başlanıb: "Kampaniya körpə uşaqlarla yanaşı, 20-40 yaşlı vətəndaşları da əhatə edəcək. Hazırda lazımi qədər vaksin ölkəyə gətirilib. Vaksinasiya dövlət hesabına həyata keçirilir".
"Ötən 10-15 il ərazində vaksinasiya yüksək səviyyədə aparıldığı üçün ölkədə epidemiya təhlükəsi yoxdur. 95-97 faizə qədər uşaqlar peyvəndlənib. Ancaq 5 faiz peyvənddən kənarda qalıb ki, yoluxma probemi də onlarda yaranır. Azərbaycanda vəziyyət Gürcüstan, Tacikistan, Qırğızıstanla müqayisədə dəfələrlə yaxşıdır" - deyə professor əlavə edib.
Qeyd edək ki, qızılca xəsətliliyi halsızlıq, öskürək, burun axması, gözlərdə qızartı ilə başlayır. Sonra xəstənin bədəni incə qızartılarla örtülür. Qızılca qulaq infeksiyasına, ishala, sətəlcəmə səbəb olaraq ölümlə nəticələnə bilər.