BAKI, 17 aprel — Sputnik. Parisdə yanan Notr-Dam-de-Pari kilsəsinin bərpası üçün yığılan vəsaitin həcmi milyard avronu keçib. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Parisien" nəşri məlumat yayıb.
Nəşr yazır ki, ianələri əsasən böyük şirkətlər və sahibkarlardan, həmçinin Fransa Mədəniyyət Nazirliyinin seçdiyi dörd ictimai fonddan gəlir. Fransa mədəniyyət naziri Frank Riester "Twitter"-də ianə üçün etibarlı saytların siyahını açıqlayıb və insanları kilsənin yenidən qurulmasına ianə etməyə səsləyib.
Xatırladaq ki, bazar ertəsi "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.
Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub.
Fransa prezidenti Emmanuel Makron xalq müraciətində bildirib ki, yaxın 5 ildə kilsəni yenidən bərpa etmək niyyətindədir.