BAKI, 17 aprel — Sputnik. Azərbaycanda 3 il əvvəl itkin düşmüş şəxsin cəsədinin sümükləri aşkarlanıb.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, 16 saylı Cəzaçəkmə Müəssisəsində oğurluğa görə cəza çəkən Fuad Mustafayev 1965-ci il təvəllüdlü Əli Rəsulovun itkin düşməsi ilə bağlı dindirilərkən onun narkotik vasitənin təsirindən öldüyünü bildirib.
Məlumata görə, 2016-cı ilin sentyabr ayında F.Mustafayevin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağlı qəsəbəsində kirayə yaşadığı evin sahibi Ə.Rəsulov narkotik vasitənin təsirindən ölüb. F.Mustafayev meyiti həyətdə basdırıb, daha sonra həmin evin əşyalarını satıb, evi isə saxta sənəd hazırlayaraq satışa çıxarıb. Evi satan ərəfədə isə Ə.Rəsulovun cəsədini torpaqdan çıxararaq hissələrə bölüb və evin yaxınlığındakı hasarlar arasında olan boşluğa atıb. Daha sonra evi 23 min manata satıb. Bir müddət sonra isə F.Mustafayev oğurluğa görə tutulub.
Bu il aprelin 16-da F.Mustafayevin göstərdiyi yerə baxış keçirilib və Ə.Rəsulovun cəsədinin sümükləri aşkarlanaraq götürülüb.
Fakt üzrə araşdırmalar davam etdirilir.