Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 17 aprel — Sputnik. Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov "Qafqazın ruhu" layihəsi çərçivəsində SSRİ-nin xalq artisti Rəşid Behbudovun repertuarından olan "Gözəlim sənsən" mahnısının klipini təqdim edib. Müğənni Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, bundan sonra bir çox Avropa radiolarında mahnı İsmayılxanovun ifasında səslənəcək.
Onun ifasında Azərbaycan xalq mahnısı "Sarı gəlin" bütün Avropada böyük uğur qazanıb. Bu səbəbdən də müğənni öz vətəninin məşhur kompozisiyaları ilə işinə davam edərək, onları "Qafqazın Ruhu" layihəsinə əlavə edib.
"Hər bir mahnının öz tarixi var. "Qafqazın Ruhu" albomumla müxtəlif ölkələrin mədəniyyətləri arasında körpü yaratmaq istıyirəm" – deyə İsmayılxanov qeyd edib.
Klipin rejissoru da müğənninin özüdür. Video-çarxa model Roca Çətindağ çəkilib. Mahnının aranjemanı Ruhin İsmayıla aiddir.
Hazırda İsmayılxanov yeni layihələr üzərində çalışır. Müğənni Azərbaycan, Türkiyə və Almaniyadan olan pərəstişkarlarına sevgiləri üçün təşəkkür edib.
Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır. O, Tacikistan, Qazaxıstan, Makedoniya, Monteneqro və bir çox ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edib.