BAKI, 16 aprel — Sputnik. Fransanın "Air France" aviaşirkəti yanğından sonra "Notr-Dam-de-Pari" kilsəsinin bərpasında iştirak edəcək bütün mütəxəssisləri pulsuz olaraq daşıyacaq. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Qeyd olunur ki, yaxın vaxtlarda şirkətin müştəriləri üçün rekonstruksiya işlərinə yardım edilməsi məqsədilə "könüllü vəsait toplama sistemi" işə salınacaq.
Xatırladaq ki, dünən "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.
Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub.