BAKI, 16 aprel — Sputnik. Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixdə imzaladığı sərəncam və fərmanlar bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və prezident təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması, yeni təqaüd növlərinin təsis olunmasını təmin edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Sputnik Azərbaycan-a verilən məlumata görə, aylıq müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 130 manat olub.
"Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 150 manat, ailə başçısını itirməyə görə 80 manat (hər nəfər üçün) müəyyən edilib. Bundan başqa, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqları üçün 100 manat (hər uşaq üçün), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün (himayəçilərinə) müavinət 100 manat, dəfn üçün birdəfəlik müavinət 300 manat müəyyənləşib" - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Prezidentin 15 aprel 2019-cu il tarixli fərmanına əsasən, aprelin 1-dən əlillik "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək zədəsi və peşə xəstəliyi", "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar", "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" və "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar", "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və ya "hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar" səbəbindən baş verdikdə aylıq müavinətin məbləği I dərəcə əlilliyi olan şəxslər üçün 150 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 130 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 110 manata, uşağın anadan olmasına görə birdəfəlik müavinət isə 200 manata çatdırılır.
Fərmanda 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanın müvafiq yarımbəndindədki "müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş" sözlərinin "müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş" sözləri ilə əvəz edilməsi tapşırılır.
İmzalanan digər fərmanla isə beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manata (hər uşaq üçün) çatdırılır: "15 aprel 2019-cu il tarixdə imzalanan fərmanla "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanda "Müharibə əlillərinə" sözlərinin "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə" sözləri, "əlil olan" sözlərinin "əlilliyi müəyyən olunmuş" sözləri ilə əvəz edilməsi tapşırılır. Həmçinin, qeyd olunan 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanın aid olduğu şəxslərin (Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin) sırasına 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər də daxil edilir".
"Beləliklə, Prezidentin aylıq təqaüdü fərmanın əhatə etdiyi kateqoriyalardan olan I dərəcə əlilliyi olan şəxslərə 250 manat, II dərəcə əlilliyi olan şəxslərə – 230 manat, III dərəcə əlilliyi olan şəxslərə – 210 manat müəyyən olunur. Bundan başqa, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə (əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası almasından asılı olmayaraq) Prezidentin aylıq təqaüdü kimi 100 manat təqaüdün verilməsini nəzərdə tutur. Bu fərman bir tərəfdən həmin kateqoriyalardan olan I qrup əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdününün artırılaraq 100 manata çatdırılmasını, digər tərəfdən, həmin təqaüdün əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də ödənilməsini (bu vaxta qədər yalnız aylıq sosial müavinət alan I qrup əlilliyi olan şəxslərə ödənilirdi) təmin edir" - deyə ƏƏSMN-in məlumatında diqqətə çatdırılır.
Ölkə başçısının 15 aprel 2019-cu il tarixli digər Fərmanında isə I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməsi və onun aylıq məbləği 50 manat müəyyən olunması nəzərdə tutulur: "Bu fərmanda həmin təqaüdün 2019-cu il aprelin 1-dək I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə "Əmək pensiyaları haqqında" Qanunda nəzərdə tutulmuş qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə və təqaüdü almaq hüququ olan şəxslərdən yalnız birinə ödənildiyi qeyd olunur".
"Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" 15 aprel 2019-cu il tarixli fərmanda isə müharibə veteranlarına Prezidentin aylıq 80 manat məbləğində təqaüdünün təsis olunması tapşırılır: "Fərmanda qeyd olunur ki, bu təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir".
Prezidentin aprelin 15-də imzaladığı digər sənədlə - 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Sərəncamla isə həmin kateqoriyalardan olan vətəndaşlara Prezidentin aylıq təqaüdünün məbləği 150 manata çatdırılır.
"Beləliklə, imzalanan sərəncam və fərmanlar 600 minədək şəxsin (o cümlədən 300 min əlilliyi olan şəxsin) sosial müavinətlərinin, Prezidentin aylıq təqaüdlərinin ciddi şəkildə artırılmasını, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdlərinin təsis olunması ilə sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsini nəzərdə tutur. Qeyd olunan məqsədlər üçün əlavə olaraq illik 400 milyon manat ayrılmaqla, sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılacaq" – deyə nazirliyin məlumatında əlavə olunur.