BAKI, 14 aprel — Sputnik. Yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov 1870-ci il aprelin 14-də Tiflis şəhərində anadan olub. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirib.
1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatının rəhbərliyinə daxil olub, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini Azərbaycan dilinə çevirib. 1909-cu ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilib.
1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olub.
Artıq 1917-ci ildə N.Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi.
1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunub. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilib. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışıb.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin sədri və Xalq Komissarları Sovetinin sədri vəzifəsini tutub.
1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilib.
Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölüb və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilib.
Nərimanovun matəm mitinqində Mixail Kalininin dedikləri də bu ölümün "sui-qəsd" olduğunu təsdiqləyir: "N.Nərimanov yoldaşın şəxsində biz öz doğma partiyamızın sıralarındakı bir yoldaşımızı və dostumuzu dəfn edirik. Onun şəxsində Qızıl Meydan Şərq xalqlarından birinci qurbanı öz ağuşuna alır".
O, Nərimanovu əbəs yerə "qurban" adlandırmırdı.