BAKI, 11 aprel — Sputnik. Rusiya hazırda qitələrarası ballistik raketləri olan "Sarmat"ın sınaqlarını yekunlaşdırır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin yüksək rütbəli zabitlər və prokurorlarla görüşdə bildirib.
O, vurğulayıb ki, raketlərin yekun sınaqları uğurla həyata keçirilir.
Rusiya lideri bildirib ki, hazırda "Kinjal" hipersəsli kompleksləri və "Peresvet" lazer sistemləri orduya təhvil verilib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin martın 1-də parlamentə illik müraciəti zamanı dünyada analoqu olmayan yeni silahlar barədə danışıb. Burada söhbət "Sarmat" raket sistemi, sualtı dronlar, nüvə enerjisi ilə işləyən qanadlı raket, "Kinjal" aviasiya raket sistemi və lazer silahından gedir.
Putin "Kinjal"ı analoqu olmayan silah adlandırıb: "Bu, müasir, səs sürətindən iti olan aviasiya-raket kompleksidir. O, daşıyıcı təyyarədən və raketdən ibarətdir. Təyyarə unikal texniki xarakteristikalara malikdir və bu, bir neçə dəqiqəyə raketi istənilən nöqtəyə çatdırmağa imkan verir".