Prezident İlham Əliyev Çingiz Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Yazıçı bu mükafata Azərbaycan ədəbiyyatının inkişafı və təbliğindəki xidmətlərinə görə layiq görülüb.
Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Sputnik Azərbaycan-a deyir ki, güclü sarsıntılar keçirməyimizə baxmayaraq, biz öz ədəbiyyatımızı və Yazıçılar Birliyini qoruya bildik:
“Keçmiş SSRİ-nin Avropa hissəsində yeganə respublikayıq ki, bizdə Yazıçılar Birliyi fəaliyyət göstərir. Bundan əlavə, biz, ümummilli lider Heydər Əliyevin köməyi ilə bütün ədəbiyyat jurnalları və qəzetləri saxlaya bildik. Onlar indi də dövlət büdcəsindən maliyyələşir. Bu reallıq bizi çox sevindirir.Azərbaycan ədəbiyyatının dünyada özünəməxsus yeri var. Biz dünya ədəbiyyatında böyük uğurlar qazanmış müsəlman ölkələrindən biriyik. Bizim yazıçıların əsərləri mütəmadi olaraq xaricdə nəşr olunur, dünyanın bir çox dillərinə tərcümə edilirlər. Düşünürəm ki, uğurlarımız göz qabağındadır, lakin, əldə olunanla kifayətlənmək üçün tezdir, işimizi davam etdirməliyik. İnanıram ki, gənc nəsillərimiz də bizim işimizi davam edərək özlərini bütün dünyaya tanıdacaqlar”.
Aprelin 7-də Xalq yazıçısı Çingiz Abdullayevin 60 yaşı tamam olub.