BAKI, 10 aprel — Sputnik. Paytaxtın əsasən mərkəzi hissəsini əhatə edən 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihənin icrasına başlanılıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, layihənin birinci mərhələsində işlər M.Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, R.Behbudov, S.Vurğun, D.Əliyeva, S.Rəhimov küçələri və Bülbül prospektinə aid 20 kəsişmədə həyata keçiriləcək. Layihə çərçivəsində müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, mövcudlarındakı çatışmazlıqlar aradan qaldırılacaq. Həmçinin yol nişanları yenilənəcək, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək. Zəruri yerlərdə isə sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.
Layihəyə uyğun olaraq artıq M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib. Davamlı olaraq digər kəsişmələrdə də müvafiq işlər aparılmaqdadır.
İlkin hesablamalara əsasən 74 yol kəsişməsi layihəsinin icrası ilə şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Yolların nəqliyyat buraxma qabiliyyəti artacaq, hərəkətin intensivliyi təmin ediləcək. Bu isə öz növbəsində hərəkət iştirakçılarının xüsusən də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin tıxacda qalaraq lüzumsuz vaxt itirməsinin qarşısının alınması baxımından əhəmiyyətlidir.