BAKI, 10 aprel — Sputnik. Moskva Ankara ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyi mümkün hesab edir və buna açıqdır.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ankaranın Moskvadan növbəti S-400 zenit-raket kompleksini ala biləcəyi barədə fikirlərini şərh edərkən deyib.
Mövlud Çavuşoğlu "NTV"-də canlı yayımda deyib ki, NATO ölkələrinin bəzilərində S-300 zenit raket kompleksləri var və hansısa bir müdafiə sisteminə sahib olmaq NATO üzlüyü ilə ziddiyyət təşkil edə bilməz.
Türkiyə xarici işlər naziri ikinci "S-400"-ləri də ala biləcəklərini istisna etməyib: "Birləşmiş Ştatlar "Patriot"ları ( ЗРК Patriot) satmaqdan imtina etsə, biz ikinci S-400-ü də, başqa bir hava müdafiə sistemini də ala bilərik".
"F-35" tipli qırıcılarla bağlı mübahisələrə toxunan türk nazir qeyd edib ki, "F-35" olmasa, öz təyyarələrini hazırlayana qədər, qırıcı təyyarələri başqa yerdən almaq məcburiyyətində qalacaqlar.
"Bilirsiniz ki, hərbi-texniki əməkdaşlıq Rusiyanın bir çox xarici ölkələrlə qarşılıqlı əməkdaşlığının vacib tərəfidir. Belə bir əməkdaşlığın həyata keçirilməsi, əlbəttə, ikitərəfli münasibətlərin inkişafının xüsusi səviyyəsini göstərir. Bu, eyni zamanda Türkiyəyə də aiddir. Rusiya açıqdır, Rusiya müvafiq imkanlara, texnoloji bacarıqlara malikdir. Və əlbəttə ki, Rusiya hərbi-texniki əməkdaşlıq imkanlarını genişləndirmək üçün fürsət axtarır. Bu, tamamilə normal prosesdir" - deyə Peskov bildirib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə "S-500" zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib. Türkiyə lideri vurğulayıb ki, "S-400" zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz.
"Hər şey razılaşdırılıb - kredit şərtlərindən tutmuş, birgə istehsala qədər. İmzalar atılıb, geri addım atıla bilməz. Bu, əxlaqsızlıq olardı. Ümid edirəm ki, biz "S-400"-ün ilk partiyasını iyulda alacağıq. Ola bilsin ki, "S-400"-lərdən sonra biz "S-500"-lərlə bağlı variantları nəzərdən keçirdik" - Ərdoğan bildirib.
Martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.
"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" – deyə, amerikalı sözçü vurğulayıb.