BAKI, 8 aprel — Sputnik. Təhsil Nazirliyi 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasovanın intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlərinə açıqlama verib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov öz "Facebook" səhifəsində yazıb.
O, qeyd edib ki, məlum cinayət hadisəsi ilə bağlı hazırda istintaq tədbirləri aparılır.
"Şübhəsiz ki, istintaqın gedişində bu məsələ ilə bağlı bütün təfərrüatlar araşıdırlacaq və hüquqi qiymətini alacaq. Hətta bu səs yazısının özü də. Ona görə xahiş edirik istintaq prosesinin nəticələrini gözləyək" – deyə Valehov bildirib.
Xatırladaq ki, 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova ona müraciət edənlərə Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğu, ikinci nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını yazmağı xahiş edib.