BAKI, 8 aprel — Sputnik. 4 aprel 2019-cu il tarixdə "Space" TV-də yayımlanan "Hər səhər" verilişində müğənnilərdən Rüfət Axundov və Rəşad İlyasov qonaq qismində iştirak zamanı efir mədəniyyətinə zidd olaraq əxlaqdan kənar ifadələrə yol veriblər. Sputnik Azərbaycan xəbər verir ki, "Space" telekanalı məsələ ilə bağlı açıqlama yayıb.
Посмотреть эту публикацию в Instagram
Açıqlamada deyilir ki, qonaqlar tanınmış mahnını ifa edən zaman gözlənilmədən, canlı yayımın imkanlarından sui-istifadə edərək, məhz mahnının səsləndirildiyi zaman efir əxlaqına xas olmayan sözlər işlədiblər.
"Adları çəkilən hər iki müğənninin "Space" TV-yə hər hansı bağlılığı olmadığından, yalnız qonaq qismində iştirak etdiklərindən onlara qarşı telekanal rəhbərliyi hansısa hüquqi addım ata bilməyib. Buna baxmayaraq "Space" telekanalı olaraq efir əxlaqına uyğun olmayan sözlər işlədən müğənniləri kəskin qınamaqla yanaşı, verilişin yaradıcı və texniki heyəti ilə də əlaqədar ciddi təxirəsalınmaz tədbirlər görüb" - deyə məlumatda bildirilir.
Посмотреть эту публикацию в Instagram
Telekanal rəhbərliyi açıqlamaya belə yekun vurur: "Bütün bunları nəzərə alaraq bir daha bəyan edirik ki, efirə dəvət olunmuş bu qonaqların belə xoşagəlməz hərəkətlərinə görə "Space" telekanalı olaraq hiddətlənir və təssüf edirik".
Xatırladaq ki, "Space” TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib. 5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib. Habelə, iş məhkəməyə göndərilib.