Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 6 aprel — Sputnik. Astarada avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Pəlikeş ucqar dağ kəndi ərazisində baş verib.
Xəsarət alanların yaxınlarının bildirdiklərinə əsasən Tüləgüvan kənd sakini Ədalət Şəkərov yağışlı hava şəraitində "Ağ körpü" adlanan ərazidə hərəkət edərkən yolun sürüşkən olması səbəbindən idarəetməni itirərək "UAZ" markalı minik avtomobilini dərəyə aşırıb. Nəticədə sürücü və avtomobildə olan iki sərnişin –1980-ci il təvəllüdlü Müqəddəs Eyvazov və 1985-ci il təvəllüdlü Ceyhun Gülməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Sürücü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. M.Eyvazov reanimasiya şöbəsinə, C.Gülməmmədov isə travmatologiya şöbəsinə yerləşdiriliblər.
Ədalət Şəkərovun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.