İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 4 aprel — Sputnik. Oğuz rayonunda canavar sürüsünün kəndə basqını nəticəsində 20 qoyun tələf olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin xəbərinə görə, hadisə Xocalı qaçqınlarının məskunlaşdığı “Azərbaycan-60” yaşayış məntəqəsində baş verib.
Kənd sakini Elçin Tağıyev bildirib ki, olaydan10-15 dəqiqə əvvəl qoyunları evindən cəmi 15-20 metr aralıda yerləşən örüş sahəsindən gətirib. Qoyunları ərazidə qoyaraq evinə girən E.Tağıyev səs-küy eşidərək geri qayıdıb və canavar sürüsünün qoyunlara hücum etdiyini görüb.
Onunla birlikdə qonşular da səs-küy qaldıraraq canavarları qovmağa çalışsalar da, 4 yırtıcı sürüyə soxulub: “Hər şey bir anda oldu və sürünün qaçdığını gördüm. Həmin an canavarlar sürüyə soxuldular”.
Zərərçəkənin sözlərinə görə, canavarlar 30 qoyuna xəsarət yetirib, onlardan 15-i elə oradaca ölüb. Sonradan daha 5 qoyun tələf olub, 10 qoyun isə yaralıdır. Oğuz Rayon Baytarlıq İdarəsinin işçiləri hadisə yerində olub, heyvanların basdırılma və dezinfeksiyası, profilaktika tədbirləri həyata keçirilib.
Kənd camaatı isə qorxu içindədir. Onlar qorxurlar ki, gündüz vaxtı kəndə girən yırtıcılar növbəti dəfə körpə uşaqlara da hücum çəkə bilər...