Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 4 aprel — Sputnik. Azərbaycanın əməkdar artisti Lalə Məmmədovanın keçmiş ərinin ona 8 min manat məbləğində aliment borcu yaranıb. Kişi alimenti ödəməyə gücünün çatmadığını bildirib və bu səbəbdən də müğənnini intihar edəcəyi ilə hədələyib.
Azərbaycanın istedadlı estrada müğənnilərindən biri olan Lalə Məmmədova bu dəfə ictimiayyətin diqqət mərkəzinə öz yaradıcılığı ilə deyil, sabiq həyat yoldaşı İlham Qafarovun iddiaları ilə düşüb. Müğənninin beş il əvvəl boşandığı kişi məhkəmənin uşaqları üçün kəsdiyi alimenti ödəyə bilmədiyini və bu səbəbdən də intihar edəcəyini deyib.
Müğənni artıq uzun illərdir ki, iki qızını təkbaşına böyüdür. Qafarov isə ikinci dəfə ailə qurub və bu nikahdan bir oğlu var.
Qafarovun sözlərinə görə, o, xeyli vaxtdır ki, heç yerdə işləmir və bu səbəbdən də Məmmədovaya aliment ödəyəcək gücdə deyil. Hazırda onun keçmiş xanımına 8 min manat borcu yaranıb. İndi müğənni uşaqların maddi ehtiyaclarının qarşılanması üçün keçmiş ərindən üst-üstə yığılıb qalmış aliment borclarını ödəməyi tələb edir.
Qafarov isə bu tələbi yerinə yetirmək əvəzində deyir ki, indi onun qarşısında iki çıxış yolu var: ya intihar edəcək, ya da dəmir barmaqlıqlar arasında düşəcək.
Sputnik Azərbaycan-ın müxbiri Qafarovun iddiaları ilə bağlı Lalə Məmmədovayla əlaqə saxlayıb. Hazırda ABŞ-da qastrolda olan müğənni keçmiş ərinin sözlərini şərh etməkdən imtina edib. Lakin onun prodüseri Vəfa Nuriyevanın Qafarovla bağlı deyiləcək sözü varmış.
Prodüser bildirib ki, uşaqları olan hər bir boşanmış kişinin keçmiş həyat yoldaşına aliment ödəmək borcudur.
"Onun heç nəyi Laləyə lazım deyil. Aidiyyəti orqanlar bu məsələ ilə məşğul olur. Qafarov Lalə haqqında boş-boş danışır və deyir ki, onun şəxsi mənzili var. Halbuki Lalə uzun illərdir öz valideynlərinin mənzilində yaşayır. Evləndikdən iki il sonra kişi işdən çıxdı və Lalənin hesabına yaşamağa başladı".
Lalə Məmmədova və İlham Qafarov 2004-cü ildə ailə qurublar. Cütlük 2013-cü ildə boşanıb. Onların Nərgiz və Çinarə adında iki qızları var.