BAKI, 3 aprel — Sputnik. Qərb ölkələri 1990-cı ildə SSRİ prezidenti Mixail Qorbaçova bəyan ediblər ki, NATO-nu şərqə doğru genişləndirməyəcəklər, lakin sonra bu vədlərinə xilaf çıxıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Birləşmiş Ştatların nüfuzlu "National Interest" dərgisi yazıb.
Qeyd olunur ki, Sovet İttifaqı dağılmazdan az əvvəl ABŞ prezidenti ata Corc Buş, Böyük Britaniyanın baş naziri Marqeret Tetçer, Fransa prezidenti Fransua Mitteran, Almaniya kansleri Helmut Kol və bu ölkələrin XİN rəhbərləri Moskvaya söz veriblər ki, Varşava Müqaviləsi Təşkilatının sabiq üzvləri Şimali Atlantika Alyansına daxil olmayacaqlar.
NATO "sovet təhdidinin" bitməsindən sonra həyatı əhəmiyyətli gücündən məhrum olub və 1993-cü ildə Birləşmiş Ştatlarda ya təşkilatın fəaliyyət istiqamətinin dəyişdirilməsi, ya da onun fəaliyyətinin dayandırılmasına dair çağırışlar səslənməyə başlayıb. Bu çağırışlar "güclü vudu magiyası effekti" yaratdı və Vaşinqtonun rəhbərliyi ilə Şimali Atlantika alyansının Balkanlara müdaxiləsi ilə nəticələndi.
Nəşr yazır ki, "NATO-nun zombiyə çevrilməsinin" sonrakı mərhələsi 1994-cü ildə NATO-nun həmin vaxt təşkilat üzvü olmayan ölkələrlə "Sülh üçün tərəfdaşlıq" proqramını irəli sürdüyü vaxt başladı. Bundan sonra Polşa, Çexiya, Macarıstan və praktiki olaraq bütün Şərqi Avropa alyansa üzv olmaq üçün növbəyə durdu. Çünki Birləşmiş Ştatlar Rusiyadan ola biləcək mümkün təhdidlərə qarşı hərbi kömək vəd etmişdi.
"National Interest" qeyd edir ki, bu işdə 1996-cı ildə Birləşmiş Ştatlarda keçirilən prezident seçkiləri də oynayıb. Belə ki, həmin vaxt Bill Klinton və onun respublikaçı rəqibi Bob Doul NATO-nun genişləndirilməsinin tərəfdarı olduqlarına dair fikirlər səsləndiriblər.
Nəşr yazır ki, 1990-cı illərdə Rusiya təhlükəli deyildi və bu təhdidin geri qayıda biləcəyini düşünməyə dair səbəblər belə yox idi. Lakin Klinton və amerikalı senatorlar doğru tarixi qərar vermək imkanı və seçki kampaniyası üçün daha çox ianə toplamaq perspektivinə heyran olmuşdular. Bundan əlavə, Şimali Atlantika Müqavilə Təşkilatının genişlənməsində silah istehsalçıları da maraqlı idi. Çünki yeni ölkələrin təşkilata daxil olması üçün onlar üçün yeni sifarişlər anlamına gəlirdi.
"National Interest" vurğulayır ki, alyansa Gürcüstan daxil olmaq niyyətindədir ki, bundan sonra ölkə ABŞ-ın hərbi protektoratlığına çevriləcək: "Əgər Birləşmiş Ştatlar prezidenti Donald Tramp rəsmi Moskvanın Gürcüstanı Rusiyaya hücum üçün gələcək platforma kimi qəbul etməsini istəmirsə, sadəcə "yox" deməlidir".