CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İqtisadçı, model, aktrisa, indi isə Azərbaycan gözəli

Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Melisa Nuriyeva "Azərbaycan gözəli 2019" milli gözəllik müsabiqəsinin qalibi olub

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Melisa Nuriyeva "Azərbaycan gözəli 2019" milli gözəllik müsabiqəsinin qalibi olub.

Nuriyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda dövlət müəssisəsində iqtisadçı işləyir. Eyni zamanda model biznesi və aktyorluqla məşğul olur. Buna qədər xaricdə bir çox beynəlxalq gözəllik müsabiqələrində iştirak edib, amma onları heç yerdə açıb-ağartmayıb.

"Mən ixtisasca iqtisadçıyam və hazırda öz ixtisasım üzrə işləyirəm. Eyni zamanda dəvət olanda, aktrisa və model kimi fəaliyyət göstərirəm. Bir çox məşhur ifaçıların kliplərində çəkilirəm. Təəssüf ki, Azərbaycanda modellərə çox az pul verirlər və ona görə də, təkliflərə nadir hallarda razılıq verirəm" - Nuriyeva deyib.

"Azərbaycan gözəli 2019" müsabiqəsində iştirak etməyi ona dostları təklif edib. Nuriyeva buna görə peşman deyil. Müsabiqədə xeyli qız iştirak edib. Lakin finala onlardan sadəcə 13-ü qalıb. Nuriyevanın fikrincə, onların hamısı qələbəyə layiq olublar. Lakin ölkənin tanınmış şəxsləri - modellər, dizaynerlər, aktyorlardan ibarət münsiflər heyəti məhz onu seçib.

"Bu, mənim üçün gözlənilməz idi. Deyə bilmərəm ki, digər qızlardan nə ilə fərqlənirəm, amma düşünürəm ki, münsiflər heyətinin üzvləri məni görən kimi seçdilər. Dostlarım və həmkarlarım mənə görə çox sevindilər. Təəssüf ki, heç də hamını qələbə ilə sevindirmək mümkün deyil. Mənə təbriklər də gəldi, neqativ şərhlər də. Tənqidə sakit yanaşıram. Zövqlər fərqlidir" - deyə "gözəl" bildirib.

Model üç peşəni bar arada tutmağı davam etdirmək niyyətindədir. O, ölkəmizi xaricdə təmsil etməyə hazırdır, lakin buradan birdəfəlik getməyə hazırlaşmır. Çünki onun burada işi və ailəsi var.

Xatırladaq ki, Melisa Nuriyevanın iki övladı - bir qızı və bir oğlu var.

Xəbər lenti
0