BAKI, 2 aprel — Sputnik. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi davam etdirilməlidir, lakin hələlik problem həll olunmayıbsa, bir dövlət və xalq kimi vəziyyətin istənilən inkişafına hazır olmalıyıq”.
Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
O, həmçinin vurğulayıb ki, müdafiə naziri David Tonoyanın Nyu-Yorkda "yeni müharibə" haqqında səsləndirdiyi bəyanat danışıqlar prosesinə kölgə salmır: "Əgər Tonoyan başqa bir şey desə idi, mən onu müdafiə naziri postundan istefaya göndərərdim".
Tonoyanın bu bəyanatının onunla razılaşdırılıb-razılaşdırılmaması sualına cavab verən Paşinyan xatırladıb ki, müdafiə naziri birbaşa olaraq baş nazirin tabeliyindədir.
Qeyd edək ki, bu ilin martın 30-da Tonoyan Amerikadakı erməni icması ilə görüşündə müharibə bəyanatı ilə çıxış edib: "Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, "ərazi qarşılığında sülh" formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni "yeni ərazilər üçün yeni müharibə". Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür".
O, həmçinin, bundan sonra Ermənistanın hücum qoşun bölmələrinin sayını artıracaqlarını da bildirib.