BAKI, 2 aprel — Sputnik. "Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Sonuncu reytinqə əsasən, Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşündə səsləndirib.
"Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilib. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir" - deyə İlham Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, bu gün hər bir vətəndaş haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edir: "Biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir".