QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Şəhidin qəbri olur, itkinin isə heç nəyi qalmır" - Qardaşı 27 ildir onu gözləyir

© Sputnik / Musa MuradliŞəhid Hətəm Hümbətov
Şəhid Hətəm Hümbətov - Sputnik Azərbaycan
Abunə olmaq
Xocalının hücuma məruz qaldığı dəhşətli gecədə Hətəm Hümbətov itkin düşüb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan həm xeyli sayda şəhid verdi, həm də bu gün belə, xəbərini ala bilmədiyimiz itkilərimiz oldu. İtkin düşmüş oğullarımızdan biri də bərdəli Hətəm Hümbətovdur.

Hətəm Hümbətov 1961-ci ildə Bərdə rayonunun Mirzalıbəyli (indiki Qaraməmmədli) kəndində sənətkar ailəsində doğulub. Orta təhsili başa vurandan sonra Bərdə Tikiş Fabrikində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Paralel olaraq Gəncə Texnologiya Texnikumunda qiyabi təhsil alıb. Daha sonra Gəncə Texnologiya İnstitutunu bitirib. 1990-cı ildə təhsilini başa vurandan sonra Bərdə Tikiş Fabrikində baş texnoloq işləməyə başlayıb. Ardınca o vaxt Qarabağda əhalinin məşğulluğunu artırmaq üçün açılmış Kosalar Toxuculuq Fabrikinə göndərilib. Sonra Xocalı Tikiş Fabrikinə baş mühəndis təyin olunub.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Hətəm Hümbətovun qardaşı Arif Hümbətovla Bərdənin təzə bazarındakı emalatxanasında görüşüb. O məşum, ağrılı günlərin xatirəsini bölüşüb.

© Sputnik / Musa MuradliŞəhidin qardaşı Arif Hümbətov
Şəhidin qəbri olur, itkinin isə heç nəyi qalmır - Qardaşı 27 ildir onu gözləyir - Sputnik Azərbaycan
Şəhidin qardaşı Arif Hümbətov

O, çətinliklə də olsa, bu gün də yolunu gözlədiyi qardaşı haqqında danışıb: "Ailəmizdə eyni vaxtda üç uşaq təhsil alırdı. Bacım, qardaşım və mən. Hətəmi Xocalıda Tikiş Fabrikinə müdir təyin etmək istəyirdilər. Gənc olduğuna görə fikirləşdik ki, təcrübə baxımından işin öhdəsindən gələ bilməz. Məsləhətimizlə Fabrikin baş mühəndisliyini öhdəsinə götürdü. Bir müddət sonra Dağlıq Qarabağda erməni separatçıları vəziyyəti gərginləşdirdilər. Xocalını gülləbaran edirdilər, ağır artilleriya qurğularından şəhərə mərmilər yağdırılırdı. Fabriki vursaydılar, itki çox ola bilərdi. Ona görə də fabrikin fəaliyyəti dayandırıldı. İdarəetmə qabiliyyəti olduğundan Hətəm müdafiə nazirinin əmri ilə yerli özünümüdafiə batalyonunun qərargah rəisi təyin olundu".

Bununla da Hətəm Hümbətovun mülki həyatı hərbçiliklə əvəz olunub. Xocalının hücuma məruz qaldığı dəhşətli gecədə Hümbətovlar ailəsi də əzizlərini itirib. Hətəm Hümbətov Xocalıda itkin düşüb.

Ermənistan parlamenti - Sputnik Azərbaycan
Ermənilər Xocalı yürüşünə görə rusiyalı deputata qarşı hücuma keçiblər

Arif Hümbətov bildirib ki, aradan 27 il keçməsinə baxmayaraq, bu gün də gözləri yollardadır: “Xocalıya ermənilər və 366-cı alay hücum edəndə Hətəmgil mülki əhalini şəhərdən Ağdama çıxarmağa çalışıblar. Üç dəfə hərəsində 50-60 nəfərlik mülki adamlardan ibarət dəstələri erməni mühasirəsindən çıxarmaqla Ağdamın Şelli kəndinə gətirib. Dördüncü dəfə Xocalıya qayıdandan sonra isə geri dönməyib. Bu məlumatları xilas edilən adamlardan eşitmişik”.

Həmsöhbətimiz qardaşı ilə axırıncı dəfə soyqırımından bir-neçə gün əvvəl, fevralın 21-dən 22-nə keçən gecə danışdığını deyib: “Hətəm təzə doğulan qızının dünyasını dəyişdiyini dedi. Mən də uşağın ölümünə görə bir az təskinlik verdim. Qardaşım çox vətənpərvər idi. Həyat yoldaşı Almazla  iki yaşlı oğlu Elçini Xocalıdan çıxarıb gətirəndən sonra onu Ağdamdan yola salmağa getmişdik. Həmin gün vertolyot Ağdama uçmadı. Bərdəyə, evimizə qayıdası olduq. Anam dedi ki, “ay bala, bəlkə, belə məsləhət imiş, gəl, sən getmə”. Razılaşmadı, getdi. Hətəmi Xocalıya iş yerindən göndərmişdilər. Fabrik bağlananda rayona qayıda bilərdi. Ancaq o, özünü xocalılı bildi, qalıb şəhərin müdafiəsi uğrunda döyüşdü. İtkin düşdü".

"Döyüşdən şəhidini götürmək itkin düşməklə müqayisədə xoşbəxtlikdir. Şəhidini torpağa tapşırırsan, yasını tutursan. Məzarı olur, gedib ziyarət edə bilirsən. İtkinin isə həmişə yolunu gözləyirsən. İldönümü olanda bilmirik ki, haranı ziyarət edək. Xocalıda şəhid olanların qəbrinə ziyarət getməklə təskinlik tapırıq” - deyən həmsöhbətimiz göz yaşlarını saxlaya bilmir.

© Sputnik / Musa MuradliŞəhid Hətəm Hümbətov oğlu Elçinlə
Şəhidin qəbri olur, itkinin isə heç nəyi qalmır - Qardaşı 27 ildir onu gözləyir - Sputnik Azərbaycan
Şəhid Hətəm Hümbətov oğlu Elçinlə

A.Hümbətov o günlərdə əsir götürülmüş ermənilərdən birini himayəsinə götürüb. Ümid edirmiş ki, erməniyə görə qardaşının ölüsünü, ya dirisini tapıb onlara təhvil verə bilərlər: “1992-ci ilin aprelində Qarakişi adında qəhrəman bərdəli döyüşçü ermənilərin yaşadığı Marquşavan kəndinə hücum edib üç nəfər erməni gətirmişdi. Polis Şöbəsinə təhvil vermişdi. Əsirlərin arasından bir nəfəri alıb evə gətirdim. Ailəmiz ona çox yaxşı baxdı. 90 yaşlı anam onu evdəkilərdən seçmirdi. Anam deyirdi ki, “balam ermənilərin əlindədi, Allah buna elədiklərimizi savaba yazsın, bəlkə oğlum tapılar”. Beş ay onu saxlasaq da, qardaşımdan heç bir xəbər çıxmadı”.

“Cəbrayıl istiqamətində gedən döyüşlərdə 100-dən artıq erməni hərbçisi məhv edilmişdi. Könüllü batalyonumuzun isə 30 əsgəri şəhid olmuş, 6 nəfəri yaralanmışdı. Ermənilər onlara qarşı çox qəddarlıq göstərmişdilər. Yaralılara tibbi yardım göstərilməmişdi, şəhidlərimizin nəşindən üfunət yayılmışdı. Orda həlak olan şəhidlərimizin nəşini geri qaytarmaq üçün saxladığımız əsiri istədilər. Onda bildik ki, həmin əsir Zori Balayanın qohumudur. Ona görə də canıyananlıq edirdilər" – deyə danışıb həmsöhbətimiz.

Müsahibimiz erməni əsirinin onların ailəsindən aparılmasını belə xatırlayıb: “Gecə saat bir olardı, Cəbrayılın icra başçısının müavini, Polis Şöbəsinin rəisi onu götürməyə gəlmişdilər. Anam şəhid qardaşımın şəklini əsirə sarı uzadıb dedi ki, “biz unutqan millətik, bir də gördün ki, ara sakitləşdi, onda gəlib, məni yad edərsən”. Həmin anda erməni də, anam da, gələnlər də ağlaşdı. Sonralar orda olanlar danışırdı ki, “hələ belə epizod görməmişdik, ermənini təhvil veriləndə həm erməni, həm də azərbaycanlı ağlayırdı”. 6 ay erməniyə özümüzünki kimi baxdıq, qayğı göstərdik. Qohumlardan kim gəlirdisə, ona hədiyyə gətirirdi. Gedəndə özü ilə bir-neçə bağlama apardı".

Sonda onu da qeyd edək ki, Hətəm Hümbətov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib.

Xəbər lenti
0