BAKI, 29 mart — Sputnik. Martın 26-da Bakı şəhəri, Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla görüşlər başlanır. Bu barədə Sputnik Azərbaycan-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, İqtisadiyyat Nazirliyində İşçi Qrupu yaradılıb. Yanğından ziyan görmüş sahibkarların problemlərinin öyrənilməsi məqsədilə İşçi Qrupu tərəfindən cari ilin 29-31 mart tarixlərində, onların hər biri ilə qabaqcadan razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda fərdi qaydada qəbul edilərək dinlənilməsi həyata keçiriləcək.
Qəbul İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (Ünvan: Atatürk pr.,134, tel. 012-404-04-01) təşkil olunacaq.
Qeyd edək ki, Nizami rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzinin damında başlayıb. Hadisə yerinə Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilsə də, bina, tamamilə, yanaraq sırdan çıxıb. Hadisə zamanı 400 nəfərdən çox vətəndaşa zərər dəyib.