Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 28 mart — Sputnik. Dünyada fiziki məhdudiyyətli şəxslərin sayı ümumi əhalinin 15 faizini təşkil edir. Bu isə o deməkdir ki, belə şəxslərin sayı 1 milyarddan artıqdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, fiziki məhdudiyyətli şəxslərin, təxminən, 720 milyonu işləmə qabiliyyətindən, tamamilə məhrumdur. Azərbaycanda isə 620 min nəfər fiziki məhdudiyyətli vətəndaşdan, yalnız 50 min nəfərə qədəri işləyir.
Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda bu şəxslər əksər hallarda sərbəst özünü idarəetmədə çətinlik çəkirlər. Bir çox hallarda özlərinə qarşı gördükləri aqressiv münasibət, kin, ikrah hissi isə onları cəmiyyətdən uzaqlaşdırır.
Sputnik Azərbaycan-ın əməkdaşı bu dəfə də həmin şəxslərin problemlərini, onları kompleksə salan səbəbləri aydınlaşdırmaq üçün fiziki məhdudiyyətli şəxslərdən giley-güzar öyrənmək üçün 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə yollanıb.
"İnvalidlər evini soruşursuz?"
Beynimizdə əsas sual bu idi: Bu insanları cəmiyyətdə ən çox narahat edən münasibət nədir? Çox keçmədi ki, Ramana qəsəbəsində yerləşən müəssisənin yerini soraqlaşanda ünvan başına çatmamış bu suala cavab tapdıq: "İnvalidlər evini soruşursuz? Burdan sola..."
Amma qınaqlar, ittihamlar yalnız bu cür ifadələrlə bitmir. Cəmiyyətdə biganə münasibət, təhsil və iş üçün şəraitin yaradılmaması da onlara qarşı ayrı-seçkiliyin bir nümunəsidir.
Bu mərkəzdə peşə təhsili alan, 1998-ci il təvəllüdlü, 3-cü qrup əlil Ramilə Məmmədova ətrafdan haqqında eşitdiyi xoşagəlməz sözlərə görə sərbəst gəzməkdən, həyatın gözəlliklərini görməkdən məhrumdur. O, kiminləsə yanaşı getməkdən çəkinir. Səbəb isə boyunun qısalığıdır: "Boyum 1.20 metrdir. 1 yaşımdan sonra sümük inkişafım dayanıb. Boyumun belə balaca olması məni kompleksə salır".
Ramilə kompleksləri olduğu üçün digərləri ilə birgə təhsil almaqdan da imtina edib. Elə buna görə də 11 il evdə təhsil alıb: "Boyuma görə məni məsxərəyə qoyub, gülənlər də olub. Hətta, balacaboy, cırtdan, deyə çağıranlar da olub".
Bunadək iş üçün müraciət etməyən Ramilə digər yoldaşları kimi reabilitasiya mərkəzinə gəldikdən sonra özünə güvənməyə başlayıb. Gözəl toxuculuq qabiliyyəti olan, 52 manat pensiya ilə güclə dolanan Ramilə bu peşə ilə gələcəkdə çörək pulu qazanacağına inanır.
Başqa ölkələrdən fərqli olaraq, görmə və müxtəlif məhdudiyyətləri olan belə şəxslərin digərləri ilə birgə təhsil almaq hüququnun olmaması da bir problemdir. Bu isə hər an maddi yardıma ehtiyacı olan ailə üçün əlavə xərc deməkdir.
Həmsöhbətimiz, Zərdab rayon sakini, 1992-ci il təvəllüdlü Müqəddəs Həmidov da bu illər ərzində görmə qabiliyyətindən, tamamilə məhrum olduğu üçün evdə təhsil alıb: "11 il ev təhsili almışam. Bu vaxtadək 15-ə yaxın fərdi müəllimim olub".
250 manat əmək pensiyası alan Müqəddəsin atası dünyasını dəyişdiyi üçün ailədə əsas yük anası və ailəli qardaşlarının üzərinə düşür.
"Demirik ki, bundan sonra ayağa qalxıb gəzəcəyik..."
Daha çox muncuqlarla işləməkdən zövq alan, 1994-cü il təvəllüdlü Kamilə Xəlilovanın çox cüzi görmə qabiliyyəti var. Bir müddətdir reabilitasiya mərkəzinə gəlməsinə baxmayaraq, cəmiyyətdən aldığı zərbələr ona hələ də komplekslərdən xilas olmağa imkan verməyib: "Xoşagəlməz sözlər eşitməmək üçün evdən çıxanda, adətən saçımı üzümə tökürəm ki, insanların diqqətini çəkməyim".
Bəzən sonradan da müəyyən məhdudiyyətlər yaranır. 1984-cü il təvəllüdlü Solmaz Səfərova 15 ildir ki, arabaya məhkum olub. Siyəzən rayon sakini olan Solmaz 2004-cü ildə ağacdan yıxılıb. Aldığı travma isə onun yeriməsini əngəlləyib.
Disk atma üzrə paralimpiyaçı olan həmsöhbətimiz dolanışığının çətinliyindən söz açıb: "1-ci qrup əliləm, 163 manat pensiya alıram. Bu vəsaitlə dolanmaq çox çətindir. Digər şəxslərlə müqayisədə bizim xərclərimiz daha çox olur. Çünki biz ictimai nəqliyyatdan istifadə edə bilmirik. Buna görə də hər zaman taksi ilə gedib-gəlməli oluruq. Bu isə, bizə çox baha başa gəlir. Əlavə xərclərimiz də olur: dərman, iynə və s. üçün hər ay çoxlu pul xərcləyirik".
"Demirik ki, bundan sonra ayağa qalxıb gəzəcəyik, yox. Amma bu cür qalmaq, əlavə xəstəliklər qazanmamaq üçün səhhətimizə nəzarət etməliyik. Çünki oturaq vəziyyətdə olduqda, daxili orqanlarda bir çox problemlər yaranır" – deyə Səfərova əlavə edib.
O, küçələrdə rastlaşdığı problemlərdən də söz açıb: "Küçələrdə araba ilə getmək rahat deyil. Düzdür, deyirlər ki, panduslu avtobuslar var. Amma nə olsun? Siz bilirsizmi ki, panduslu avtobusa gedib çatmaq üçün biz nə qədər əngəli aşmalı oluruq, nə qədər mane ilə rastlaşırıq? Kömək üçün bir dəfə, ya da iki dəfə kiməsə ağız açırsan ki, sənə kömək eləsin. Üçüncü dəfə kiməsə ağız açanda elə bilir ki, Allah eləməsin, dilənçiyəm. Elə hesab edir ki, ondan pul istəyəcəyəm. Belə hallar çox olur. Bəziləri elə bilir ki, yalandan arabada oturmuşam".
Solmaz kimi onun digəri yoldaşı Abdulbağır Abdullayev də subaydır. O, 2011-ci ildə tikinti şirkətlərinin birində işləyərkən yıxılıb. Qəza nəticəsində beli qırılan Abdulbağır artıq 8 ildir ki, həyatını arabaya məhkum edilmiş vəziyyətdə yaşayır. Həmin tikinti şirkəti Abdulbağırın əməliyyatı üçün müəyyən köməklik göstərdiyi üçün o, şirkətdən şikayətçi olmayıb.
"Terminator adam"
Digər həmsöhbətimiz - "ƏSA Teatrı"nın aktyoru İmran Lalayev, onu sevən uşaqların dili ilə desək, "terminator adam" 21 yaşında olarkən ağır qəza keçirib. Hadisəni özü belə xatırlayır: "2012-ci ildə işə gedərkən qəzaya düşdüm. "Koroğlu" metrostansiyasından "Qara Qarayev" metrostansiyasına tərəf qatar yolunu keçirdim. Musiqini çox sevdiyim üçün həmişəki kimi o gün də qulaqcıqda yüksək səslə mahnı dinləyirdim. Qatar gələndə səsini eşitmədim... Dönüb baxanda isə ayaqlarımın olmadığını gördüm".
Lakin həqiqəti qəbul etmək onun üçün o qədər də çətin olmayıb. Həyata küskün deyil, daha dik baxan, əzmli olan və motivasiyası ilə hətta məhdudiyyəti olmayan şəxslərə də nümunə ola biləcək İmran "komplekslərimi ayaqlarımla birgə qatarın altına atdım" - deyir.
İmran başına gələn qəribə əhvalatı isə belə nəql edir: "Bir dəfə "Malakan" parkında idim. Balaca uşaqlar topla oynayırdı. Top mənə çatanda mən də zərbə vurdum. Ayağımın protezli olduğu görünürdü. Topa zərbə endirməyim onların xoşlarına gəldi. Uşaqlar ayağımdakının nə olduğunu soruşanda dedim ki, "terminator adamam". Uşaqlara üstümdən qatar keçdiyini deyə bilməzdim. Sonra balacalardan birinin anası uşağın əlindən tutub güclə dartaraq apardı. Sanki mən bədheybətəm".
Azərbaycana qonaq gələrkən həmsöhbətimiz olan Dinara Mahmudova əsrarəngiz səs tembri ilə ölkəmizin adını tanıdır. Dinara, tamamilə görmə qabiliyyətindən məhrumdur. Onun görmə qabiliyyətindən məhrum olmasına səbəb isə doğularkən yaşadığı travmadır. Lakin Rusiyada yaşayan Dinara üçün dövlət tərəfindən hər bir şərait yaradılıb.
Bu haqda onun atası Rövşən Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında danışır: "Dinara digər uşaqlarla eyni məktəbə gedib. Dərsin qavranılması üçün belə şagirdlər xüsusi cihazlarla təmin edilir. Bu cihazlarla internetə daxil olmaq isə istənilən məlumatı səsləndirmək imkanı qazandırır".
Ata deyir ki, onların digərləri ilə birgə təhsilə cəlb edilməsinin səbəbi ayrı-seçkiliyin qarşısını almaqdır.
"Mənə balıq tutub vermə, sadəcə olaraq onu necə tutmağı öyrət"
R.Mahmudov Rusiyada belə şəxslərin istənilən müayinə və müalicəsinin dövlət tərəfindən qarşılandığını söyləyir. Görünən isə budur ki, ayrı-seçkiliyin aradan qaldırılması, onların lazım olan cihazlarla təmin edilməsi Dinaranın məktəbi yüksək qiymətlərlə, akademiyanı isə qırmızı medalla bitirməsinə və bu nailiyyətləri əldə etməsinə səbəb olub.
Bu cür şəxslərin şikayətini, gileyini ən çox eşidən isə elə yollandığımız müəssisənin rəhbəri Rəhilə Həsrətovadır. Onun isə bu cür şəxslərin tanınmasında, özünə güvənin yaranmasında misilsiz rolu var.
Rəhilə xanım müxtəlif sərgilər təşkil etməklə cəmiyyətin gizlətdiyi bu şəxsləri aşkara çıxarır: "Bu sərgilərlə tanınan, özünə güvənən elə tələbələrimiz var ki, bu gün dövlət səviyyəsində məşğulluq proqramı hesabına işlə təmin olunublar. Elçin adlı digər tələbəmiz hazırda Təhsil Nazirliyində çalışır. O, qəzadan sonra təhsilini yarımçıq qoymuşdu. Bura gəldikdən sonra özünə güvəni daha da artdı".
Müsahibimiz, əslində, bizlərin düşünmədiyi daha həssas bir məqama toxunub: "Öncələr bu şəxslər haqqında düşünəndə, yalnız maliyyə yardımından danışırdılar. Əslində, maliyyə yardımı kömək deyil. Əksinə, maliyyə yardımı bu cür şəxslərin əqidəsinin öldürülməsi deməkdir. Misal var, deyirlər ki, "sən mənə balıq tutub vermə, sadəcə olaraq onu necə tutmağı öyrət". Bu gün bizim missiyamız da məhz budur: maddi yardıma ehtiyac olmadan belə şəxslərə öz pullarını qazana bilməyi öyrətmək".
Müəssisənin rəhbəri deyir ki, bu şəxslər ilk növbədə cəmiyyətdə əlil, yəni daha çox dilimizdə yapışıb qalan "invalid" kimi çağırılmağa üsyan edirlər: "Niyə bu şəxsləri fiziki qüsurlu adlandırmalıyıq? Axı bu, qüsur deyil. Sadəcə olaraq bu şəxslərin quruluşları belədir. Bu səbəbdən onların müəyyən məhdudiyyətləri var. Adamın beynində qüsur yoxdusa, gəlib nəsə öyrənib öz alın təri ilə pul qazanmaq istəyirsə, onu niyə qüsurlu adlandırmalıyıq? O şəxs qüsurludur ki, ağlı yerində ola-ola özünə layiq olmayan hərəkətlər edir".
Lakin Azərbaycandan fərqli olaraq dünyada bu cür şəxslərin müxtəlif dövrlərdə idarəçiliyi, hegemonluğu ələ alaraq, hətta tarixə unudulmaz adlar yazdırdığını da görə bilərik. Dəfn mərasiminə 30 min nəfərin toplaşdığı dünyaca məşhur bəstəkar Bethoven buna bariz nümunədir. Yaxud, bu gün də dünyaya hegemonluq edən ABŞ-ın sabiq prezidentlərindən olan Franklin Ruzveltin fiziki məhdudiyyəti ona ölkəsində 4 dəfə prezident seçilməyə mane olmamışdı.
İsveç nümunəsi
Bu şəxslərə dəstək olan İsveç isə modelinə görə dünyaya nümunə hesab edilə bilər. 1994-cü ildə fiziki və zehni məhdudiyyətli şəxslərə dayələrin tutulması haqda qanun qəbul edildi. Bu qanuna görə, həmin şəxslərin aylıq ödənişi də dövlət tərəfindən həyata keçirilir. Bu şəxslərin müayinə və müalicələri, psixoloq dəstəyi də dövlət tərəfindən qarşılanır.
Və dövlət tərəfindən yaradılan şərait valideynləri, "görəsən mən ölsəm, övladımın taleyi necə olacaq?" – deyə düşünməyə vadar etmir.
Paytaxt Stokholm hələ 1998-ci ildə dünyanın ən əngəlsiz şəhəri seçilib. Burada dayanacaqlar, avtobus və digər ictimai nəqliyyat vasitələri fiziki məhdudiyyətli şəxslər üçün əlçatandır. Küçələrdə bütün xəbərdaredici işıqlar görmə məhdudiyyətli şəxslər üçün səsli hala gətirilib. Hətta bunun üçün polislər özləri də təkərli arabalarda gəzərək özləri də həmin şəxslərin problemlərini yaşamağa çalışırlar.
Bu ölkədə nəinki belə şəxslərin gündəlik həyatı, o cümlədən də fiziki məhdudiyyətli şəxslərin əyləncə, turist həyatları da nəzərə alınır. Ölkənin ən məşhur qala və tarixi abidələri daxil olmaqla, oranı gəzmək üçün fiziki məhdudiyyətli şəxslərin yararlana biləcəyi köhnə üslubu xatırladan daşlarla bəzədilmiş lift hazırlanıb.
İsveçdə fiziki məhdudiyyətli uşaqlar digərlərindən seçilməsin deyə onlarla birgə təhsil almaq hüququna malikdirlər. Burada zavod və fabriklərdə məhdudiyyətlər görünməz hala gəlib. "Sam Hall" şirkətinin layihələri bu cür şəxslər üçün daha cəlbedici hesab edilə bilər. Burada çalışanların hamısı fiziki məhdudiyyətli şəxslərdir.
Bu gün əksər ölkələrdə görmə məhdudiyyətli şəxslərin əsas problemlərindən biri məlumat əldə etməklə bağlıdır. Lakin İsveçdə fəaliyyət göstərən "Əlçatan Media Agentliyi" bu məhdudiyyətləri aradan qaldırır. Xüsusi biçimdə olan "Səkkiz Səhifə" adlı həftəlik qəzet 125 müxbiri səyi nəticəsində ərsəyə gəlir.
Bu mərkəzdə həmçinin müxtəlif kitablar səsləndirilir və onların bəziləri xüsusi, Brayl əlifbası ilə hazırlanır. Bunadək həmin mərkəz tərəfindən 50 dildə 100 min kitab tərcümə olunaraq Brayl əlifbasında hazırlanıb.
İsveç bu şəxslərin xarici görünüşlərinə olan kompleksləri də aradan qaldırmağı bacarıb. Bu inqilabi yeniliyi isə "Funki Model" agentliyi reallaşdırıb. Agentliyin rəhbəri Lou Rehinlund 10 il reklam sektorunda çalışdıqdan sonra istefa verərək əngəlli şəxslərlə çalışmağa başlayıb. Məqsədi isə film, reklam, moda sektorunda "mükəmməl və qüsursuz" xarici görünüş ifadəsini yerlə-yeksan edərək fiziki məhdudiyyətli şəxsləri kamera önünə keçirərək tanıtımını reallaşdırmaq idi.
Artıq onun səyi ilə bir sıra məşhur markalar model olaraq belə fiziki məhdudiyyətli şəxslərdən bəhrələnib. Hazırda agentliyin görmə məhdudiyyətli, daun sindromlu modelləri də var. Bu şəxslər arasında filmlərə çəkilənlər də az deyil.
Azərbaycanda isə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun fiziki məhdudiyyəti olan şəxslərə müəyyən imkanlar verir. Burada inklüziv və ya inteqrasiyalı təhsil, həmçinin onların digər şəxslərlə birgə təhsil almaq imkanı nəzərdə tutulur. Bundan başqa, qanunda bu cür şəxslərin məlumatlanması üçün Brayl əlifbasının tədrisi və onların lazım olan digər cihazlardan istifadə etmələri qeyd olunur. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununda bu şəxslərlə bağlı müəyyən bəndlər mövcuddur.
Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 25 fevral 2019-cu il tarixli sərəncamı da bu şəxslərin diqqətdən kənar qalmadığını göstərir. Bu sərəncamla fiziki imkanları məhdud olan uşaqlara 150 manat sosial müavinət ilə yanaşı, hər bir uşağa 18 yaşınadək baxılmasına görə əlavə 50 manat ödəniş təsis edilib.
Bir anlıq onları ən doğma biriniz kimi qəbul edin. Sizin övladınız kimi onların da oxumaq, təhsil almaq, əylənmək, həyatdan zövq almaq haqqı var. "Cırtdan", "invalid", "şikəst", "yazıq" deyib onları cəmiyyətimizdən təcrid etməyək.
Onlar üçün şərait yaradılsa, qınaqlar aradan qalxsa, bu şəxslər həyata 0:1 hesabı ilə deyil, qələbə ilə başlayarlar.
QEYD:
Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma" regional proqramı çərçivəsində jurnalistlər arasında "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi" mövzusuna həsr olunmuş müsabiqə üçün nəzərdə tutulub.